Deputatdan ciddi SİQNAL: “Cəbhəboyu bölgələrdə hərəkətlənmə var”

“Ermənistan tərəfi pandemiya dövründəki uğursuzluğunu cəbhədəki vəziyyətlə pərdələmək istəyir” 

“Beynəlxalq qurumların bu təcavüzə səssiz qalması bir daha təsdiq edir ki, dünyada ədalət prinsipi tam qərarlaşmayıb”


“Azərbaycanın beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirməsi, düşmən ölkə üzərində ciddi diplomatik qələbə qazanması qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqdadır”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. 
Deputat bildirib ki, Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın beynəlxalq imici bərbad vəziyyətə düşüb: 

“İşğalçı ölkə terroru, soyqırımı tarix boyu öz siyasətinin əsas elementi sayıb. Artıq dünya daha dolğun faktlar, sübutlar əsasında bundan xəbərdar olmaqdadır. Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə hələ də davam edir. Ermənilər zəbt olunmuş ərazilərdə bir neçə dəfə analoji “seçki” şouları təşkil ediblər. Lakin bunun adi “seçki tamaşası”ndan başqa bir şey olmadığına sonda özləri də şahid olublar. Analoji hallar Ermənistanın işğalçı siyasətinin ifşa edilməsinə təkan verən məqamlardan biri kimi çıxış edir. Bunu işğal edilmiş ərazilərdə keçirilən qanunsuz "seçki"nin dünya miqyasında növbəti dəfə sərt şəkildə tənqid obyektinə çevrilməsi də təsdiq edir. Bu məsələyə Azərbaycan tərəfindən kifayət qədər sərt reaksiya verilib. Bu tip qondarma “seçkilər” Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir və Azərbaycanın ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə yönəldilir”. 

Parlament üzvü vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasəti və qanunsuz hərəkətləri göstərir ki, İrəvan həmin ərazilərin anneksiyasını davam etdirmək niyyətindədir: 

“Ermənistan açıq-aşkar BMT Nizamnaməsinin, beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayır. Düşmən dövlət bilməlidir ki, demokratiyanı zorla təbliğ etmək olmaz və qanunsuzluqla qanuni hüquqlar yaratmaq mümkün deyil. Buna görə də davam edən təcavüz, işğal və Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə fonunda təşkil olunmuş hər hansı proses hüquqi cəhətdən etibarlı sayıla bilməz. Beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi qəbul olunmuş bu ərazilərin əvvəlki hüquqi statusuna ziyan vurur. Ölkəmizin xarici siyasətinin əsas vəzifəsi dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir. Prezidentimizin rəhbərliyi altında həyata keçirilən düşünülmüş xarici siyasət Azərbaycanı dünya miqyasında daha geniş şəkildə tanıdıb. Regionda baş verən hadisələrə təsirini gücləndirib. Beynəlxalq aləmdə gedən proseslərin fəal iştirakçılarından birinə çevrilib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son illər baş verən proseslərə diqqət yetirsək, bir daha aydın olur ki, artıq Azərbaycanın bu sahədəki mövqeyi dünya səviyyəsində qəbul olunur”. 

M.Cəfərov qeyd edib ki, nüfuzlu qurumların bir-birinin ardınca qəbul etdikləri qətnamələrdə Ermənistanın işğalçı dövlət kimi tanınması da diplomatiyamızın uğurudır: 

“Bu vaxta qədər BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərdə Azərbaycanın ədalətli mövqeyi dəstəklənib. Ermənistanın isə işğalçılıq siyasətindən hələ də əl çəkməməsi kəskin pislənilib. Lakin düşmən ölkə heç bir öhdəliyə cəlb olunmayıb. Sözügedən sənədlər kağız parçası olaraq qalıb. Dünya birliyi hələ də buna əsaslı münasibət bildirməyib. Ölkə başçısı münaqişənin nizamlanmasında ölkələrin ərazi bütövlüyünün yeganə variant olduğunu dəfələrlə qeyd edib. Bütün beynəlxalq təşkilatlar, həmçinin dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edir və bəyanatlar verirlər. Bəs bu sənədlərin icrasına niyə əhəmiyyət verilmir? Qəbul olunan bütün sənəd və qətnamələrin heç biri həyata keçirilməyib. Dünya birlikləri sözdə Azərbaycanı dəstəkləsə də, bu dəstək əməldə görünmür”. 

Deputatın sözlərinə görə, Ermənistan tərəfi pandemiya dövründəki uğursuzluğunu cəbhədəki vəziyyətlə pərdələmək istəyir: 

“Bu səbəbdən cəbhəboyu bölgələrdə hərəkətlənmə var. Ümumiyyətlə, pandemiya dövründə müharibənin heç də insani və etik olmadığını humanitar prinsiplərə zidd  olduğunu vurğulamaq istəyirəm. Beynəlxalq qurumların bu təcavüzə qarşı hələ də səssiz qalması bir daha təsdiq edir ki, dünyada ədalət prinsipi hələ tam qərarlaşmayıb”.