“İdmançılar da pandemiyadan əziyyət çəkirlər”

“İdmançılar illərlə əziyyət çəkirlər, məşq edirlər. Amma indi formadan düşürlər”

“Onların çoxu ev şəraitində məşq edir, ancaq bu şəkildə çalışma onların formada qalmasına kifayət etmir”


“Ağsu rayonunda rəhbəri olduğum İdman kompleksinin bölmələrində idmançılar və onların ailələri ilə maarifləndirici söhbətlər apardıq, maska tapılmayan dövrdə evlərə maskalar payladıq”. 
Bu sözləri “Sherg.az”a dünya çempionu, Əməkdar məşqçi, “Ağsu” İdman Kompleksinin direktoru, kikboksinq üzrə beynəlxalq dərəcəli hakim Elnur Alıyev deyib. 
İdmançı bildirib ki, tanıdığı bir çox adam hələ də virusa inanmır: 



“TƏBİB-in qayda-qanunlarından əlavə hər bir vətəndaş özünə qanun qoymalıdır. Anlamalıdır ki, bu xəstəlik dost-yoldaş tanımır. Xəstələnmiş şəxs öz ailəsini də yoluxdura bilər. Ailəmizi yoluxdurmamaq üçün üçün ilk növbədə özümüzü qorumalıyıq. Çox təəssüflər olsun ki, bunu sadə insanlar hələ də dərk etmir. Maskanı polisdən, cərimədən qorxduğumuz üçün taxmamalıyıq. Məsuliyyətimizin fərqində olaraq qoruyucu vasitələrdən istifadə etməliyik”. 

Məşhur idmançı bir sıra təkliflər də səsləndirib: 

“Dəfələrlə demişəm ki, rayonlararası polis postları qurulmalıdır. İnsanlar qapalı məkanlara daxil olarkən aparatla yoxlanıldığı kimi rayonlararası səyahətlər zamanı da hərarətləri ölçülsün. Ən əsası isə heç kimə güzəşt edilməsin. Başa düşürəm, isti havalarda maska taxmaq, evdə qalmaq çətindir. Amma inanın, virusa yoluxandan sonra günlərlə xəstəxanada qalmaq daha dözülməzdir. Ailəsi sevən hər kəs Operativ Qərargahın tələblərinə riayət etsin”. 

E.Alıyev vurğulayıb ki, idmançılar da pandemiyadan əziyyət çəkirlər: 

“İdmançılar illərlə əziyyət çəkirlər, məşq edirlər. Amma indi formadan düşürlər. Çünki yarışlar keçirilmir, məşq zalları fəaliyyət göstərmir. İdmançıların çoxu ev şəraitində məşq edirlər. Ancaq bu şəkildə çalışma onların formada qalmasına kifayət etmir. İnşallah, tezliklə bu bəla ortadan qalxar və biz idmançılar yenidən ölkəmizə mükafatlar, medallar gətirərik. Amma o zamanadək hamımız özümüzü qorumalıyıq”.