Oftalmoloq pandemiyadan DANIŞDI: “Bu preparat gözü virusdan qoruyur”

“Əlcək taxmağa  ehtiyac yoxdur”

“Əlcəyi çıxaranda onun səthindəki mikrobların bədənə keçməsi ehtimalı da böyükdür”

“Əyri oturub, düz danışaq: ölmək yaxşıdır, ya cüzi narahatlıq çəkmək?!”



Vəziyyət o həddə çatıb ki, artıq nəinki öskürüb, asqırmaqdan, hətta  “koronavirus” sözünü dilimizə  gətirməkdən də qorxuruq. Sanki bu dəqiqə həkimlər qapımızı döyərək bizi Təcili tibbi yardım maşınlarına mindirəcək və sirenaları yandıraraq yüksək sürətlə ən yaxın xəstəxanaya tələsəcəklər. Bir neçə saat sonra isə televiziya kanallarının “Ən son xəbərlər”ində yoluxanların sayı deyiləcək.  Həmin yüzlərlə adamdan biri də biz olağıq.

Yəni artıq bir vaxtlar “Cavid-19” deyə lağ etdiyimiz koronavirusla yaşayır, necə deyərlər,  onunla yatıb, durur, nəfəs alırıq. 
 Koronavirusla bağlı məlumatlar isə hər gün yenilənir. Qulağımız gündə bir xəbər eşitməkdən axırda yorulacaq.

 İndi də koronavirusun göz vasitəsilə keçdiyini deyirlər. Odur ki, “Sherg.az” saytı olaraq bu informasiyanı dəqiqləşdirmək və gözəgörünməz düşmənlə bağlı digər qaranlıq məqamlara aydınlıq gətirmək məqsədilə məşhur oftalmoloq, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, professor Paşa Qəlbinurla həmsöhbət olduq: 

 -Koronavirusun göz vasitəsilə keçməsi iddiası doğrudurmu?

 - Virusun üç qapısı var: ağız, burun və göz. Bəli, virus gözün selikli qişası vasitəsilə orqanizmə keçə bilər. Yəni selikli qişada bunun üçün münbit şərait var. 

 - Ağız və burunumuz üçün tibbi maskadan istifadə edirik. Bəs gözümüzü necə qorumalıyıq?

 - Eynək taxmaq ən yaxşı qorunma yoludur. Günəş və ya optik eynək olmasının fərqi yoxdur. Əsas odur ki, gözümüzü qoruyaq. Onu da deyim ki, bacımla birlikdə hazırladığım “Aktipol” preparatı gözə müəyyən virusların düşməsinin qarşısını alır. Doğrudur, gözə düşən virusla mübarizə üçün yüksək temperatur və hədsiz qələvi ifrazı şərtdir. Amma bu dərman mühüm təsirə malikdir. Adını çəkdiyim preparation Brüsseldə Ümumdünya Sərgilər Salonunun Böyük qızıl medalına layiq görülməsi heç də təsadüfi deyil. Və 100 ildə tanınan, qeydiyyatdan keçən yeganə Azərbaycan dərmanıdır. 

-Mütəxəssislər əlcək taxmağı da tövsiyə edirlər…

 -Məncə, buna ehtiyac yoxdur. Çünki əlcək əli tərlədir. Üstəgəl, əlcəyi çıxaranda onun səthindəki mikrobların bədənə keçməsi ehtimalı da böyükdür. Ona görə, sadəcə maska taxmaq və sosial məsafəni gözləməklə kifayətlənsək də olar. Əlimizi isə, yəqin ki, gün ərzində dəfələrlə yuyuruq. Bu, pandemiyadan əvvəl də belə idi. 

- Ümumiyyətlə, ölkəmizdə koronavirusla mübarizəni necə qiymətləndirirsiniz?

- Bircə onu deyim ki, polisin minlərlə insanın arxasınca düşməsi, “Maska taxın!” deməsi düzgün deyil. Mənim təklifim var. Ailə başçıları və müəssisə rəhbərləri bu məsələyə nəzarət etməlidirlər. Rəhbər işçilərə tapşırılmalıdır ki, əməkdaşlar işə tibbi maska ilə gəlsinlər. Əks halda rəhbərlərə töhmət verilməlidir. Həm də televiziyalara mümkün qədər az adam çağırılmalıdır ki, insanlarda inamsızlıq yaranmasın. 

- Bəs televiziyaların fəaliyyəti necə olacaq?

- Əvvəlki illərdə çəkilən xeyli sayda veriliş, film var. Onları yenidən təqdim edə bilərlər. 

-Paşa müəllim, bayaq maskalardan danışdıq. Bu qoruyucu vasitələrin zərərli olduğunu deyənlər var…

-Yanlış fikirdir. Maskanın diskomfort yaratması ilə razıyam. Ancaq, necə deyərlər, gəlin, əyri oturub, düz danışaq: ölmək yaxşıdır, ya cüzi narahatlıq çəkmək? İndiki məqamda insanlar özlərini idmançılar kimi təsəvvür etməlidirlər. İdmançılar çəki azaltmaq üçün qalın geyinib, kilometrlərlə qaçırlar. Özü də istinin altında. Heç biri narazılıq etmir. İndi biz də özümüzü idmançıların yerinə qoymalı və var gücümüzlə mübarizə aparmalı, nizam-intizamlı olmalıyıq. 

-Vətəndaşlara tövsiyələriniz nədir?

-Dediyim kimi, məsuliyyətli, diqqətli və səliqəli olmaq lazımdır.