İşin ucunda ölüm var: “Motosiklet oyuncaq deyil” 

Bəzi motosiklet sahibləri yollarda “at oynadırlar”. Axı at, araba dövrü əsrlər əvvəldə qalıb...Amma təəccüblənməyin. Motosikleti atla səhv salıb, necə gəldi hərəkət edənlər də az deyil. 


Müşahidələr göstərir ki, yol qəzalarının müəyyən hissəsində tərəflərdən ən azı biri motosiklet sürücüsü olur. Heç gözlənilmədən hardansa çıxır və, ya maşınla, ya da avtobusla toqquşur. Sürət isə motosikletlərin ən səciyyəvi xüsusiyyətidir. Çoxu elə bilir ki, motosiklet sürücüsünün bacarması lazım olan ilk və ən lazımlı məqam nəqliyyatı sürətli idarə edə bilməkdir...Qəzalar, bədbəxt hadisələr isə göz qabağındadır...
 Motosikletlər camaatdan nə istəyir?! 



Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı bu barədə “Sherg.az”a açıqlama verib. Onun fikrincə, qayda-qanuna əməl edilsə, vəziyyət düzələr: 

“Hər bir nəqliyyat vasitəsinin hərəkəti qanunla tənzimlənir. Sürücülər bunu bilməlidirlər. Motosiklet qəzalarının sayının artmasının əsas səbəbi qanuna tabe olmamaqdır. Onların xeyli hissəsi motosikletlərini dövlət yol nişansız, özü də sürücülük hüququna malik olmadan idarə edirlər. Odur ki, maariflənmə, təbliğat işi aparılmalıdır. 

 E.Muradlının sözlərinə görə, nəzarətin güclənməsi də lazımi effekti verəcək: 

“Dövlət Yol Polisi özlərini “Bağdaddakı kor xəlifə” hesab edənlərin qarşısını almalıdır. Sürücülər unudurlar ki, motosiklet oyuncaq deyil. Onunla zarafat etmək, oynamaq, qayda-qanun tanımamaq ölümlə nəticələnir. Bir neçə gün əvvəl “Dominos pizza”nın motosiklet sürücüsünün törətdiyi qəza dediyimiz fikri təsdiq edir.  Əgər nəzarət güclənsə və bəzi sürücülər cərimələnsə, bu, digərlərinə də dərs olar. Çünki sürücülərin 90 faizi cərimələrdən sonra nizam-intizamlı olmağa başlayırlar”. 

 Bütün bunlarla yanaşı, ekspert motosikletlərin əleyhinə deyil. Əksinə, o, bu nəqliyyat vasitələrinin sayının artmasını yüksək qiymətləndirir: “Karantinlə əlaqədər olaraq çatdırılma xidmətlərinə tələbat artdı.

Ümumiyyətlə, son illər ictimai nəqliyyatdakı motosikletlərin sayının çoxaldığını müşahidə edirik. Bu, yaxşıdır. Çünki həm az benzin sərf olunur, həm də tıxacda çox yer tutmur. Eyni zamanda, bu nəqliyyat vasitələrinin daha sürətli olması onların üstünlüyüdür. Amma gərək sadaladığım avantajlardan yararlana bilək.

Elə edək ki, söylədiyim məqamlar ölümlə, xəsarətlə nəticələnməsin. Bunun üçün ən vacib olan məqam qayda-qanunu bilmək və əməl etməkdir”.