Sərt mövqe ! - "Minsk Qrupundan hesabat tələb olunur !"

“Bu reaksiya beynəlxalq təşkilatları ciddi düşündürməldir”

"Azərbaycan hərbi meydana öz sözünü deyib və bu hüququnu hər zaman özündə saxladığını açıq bəyan edib” 



“Dövlət başçısı modul tipli xəstəxananın açılışında Dağlıq Qarabağ münaqişəsinin həlli və beynəlxalq vasitəçilərin mövqeyi ilə bağlı çox sərt ifadələr işlətdi”. 
Bunu “Sherg.az”a açıqlamasında “QHT.az” saytının baş redaktoru, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Birlik rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev diplomatiya və beynəlxalq münasibətlər üzrə həm nəzəri, həm də praktik təcrübəyə malik bir liderdir: 

“SSRİ-nin ən nüfuzlu ali məktəbində təhsil alan və sonradan həmin universitetdə tədrislə məşğul olan İlham Əliyev beynəlxalq münasibətlərin bütün incəliklərinə bələddir. Ölkə başçısının ən böyük müəllimi dünya şöhrətli siyasətçi, Ümummilli lider Heydər Əliyev olub. Bu baxımdan Azərbaycan Prezidentinin mövqeyi hər zaman milli maraqlarımızı ifadə edir. Paralel olaraq, beynəlxalq hüquqa əsaslanır və beynəlxalq münasibətlər çərçivəsində qəbul edilmiş prinsipləri özündə ehtiva edir. Prezident hər beynəlxalq tədbirdə  Ermənistanın işğalçı siyasətini və beynəlxalq hüquqazidd əməllərini ifşa etməklə yanaşı, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini diqqətə çatdırır. Əlbəttə, bu ifadənin altında o da vurğulanır ki, hazırki Ermənistan məhz Azərbaycanın tarixi torpaqları üzərində yaradılıb”. 



C.Hüseynzadənin fikrincə, Prezidentin çıxışını beynəlxalq qurumlardan, xüsusən ATƏT-in Minsk Qrupundan hesabat tələb olunması kimi də şərh etmək olar: 

“Danışıqların aparılması üzrə bu təşkilat səlahiyyətləndirilib. Ermənistan əldə olunan ilkin razılıqlar üzrə müəyyən mərhələyə çatdıqdan sonra qəbul etdiyi prinsipləri kənara qoyub, yeni prinsiplər və qaydalar təklif edir. Halbuki prosesin həmin nöqtəyə gəlməsi üçün nə qədər işlər aparılıb. Ölkə başçısı məhz beynəlxalq təşkilatlardan  Ermənistanın heç bir beynəlxalq prinsiplərə sığmayan bu “qərarsız”lığına münasibət bildirməyi tələb edir. Prezident tərəfindən haqlı suallar qoyulur ki, həmsədrlər Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasına niyə cavab vermir? Axı bu münasibət, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir”. 

Sayt rəhbəri qeyd edib ki, Minsk Qrupu illər öncə münaqişənin tərəfləri ilə bağlı öz qərarını verib və danışıqların əsas tərəfi kimi Azərbaycan və Ermənistan müəyyən olunub: 

“Ermənistan tərəfinin iki ildir danışıqların formatını dəyişmək istəməsi məntiqsizliyinin təzahürüdür. Lakin vasitəçilər buna da cavab vermir. 
Cənab prezident Minsk Qrupunu beynəlxalq qaydaları bilməməkdə və yaxud bu qaydaları görməzdən gəlməkdə haqlı olaraq ittiham edir. Necə olur ki, bəzən 24 saat ərzində hər hansı təcavüzkar və yaxud kiçik formada beynəlxalq hüquqi pozan dövlətə qarşı sanksiyalardan başlayaraq , hərbi müdaxiləyə qədər həyata keçirilir. 

Lakin məsələ Azərbaycan olanda ATƏT-in  Minsk Qrupunun  həmsədrlərinin bəyanatında səsləndirilir ki, hərb variantı mümkün deyil. Niyə? Ölkə başçısı bu iddialara tutarlı və beynəlxalq hüquqa uyğun olaraq cavab verir. Dövlət başçımız BMT-nin Nizamnaməsində  ölkələrin özünümüdafiə hüququnun təsbit oluğunu əsas gətirir. Cənab Prezident ilham Əliyevin rəhbərliyi ilə bu hüquqdan istifadə olunmaqla, düşməninin təxribatına cavab olaraq,  2016-ci ildə aprel döyüşlərini uğurla həyata keçirib.

Prezident tərəfindən sərt mövqeyin ortaya qoyulması beynəlxalq təşkilatları ciddi düşündürməldir. Azərbaycan yaxın tarixdə hərbi meydana öz sözünü deyib və bu hüququnu hər zaman özündə saxladığını açıq bəyan edib.