Vəziyyət həqiqətən gərgindir

Kimsə zənn etməsin ki, xarici ölkələrdən həkimlər gələn kimi böyük dəyişiklik olacaq

Xeyli həkimimiz artıq xəstələnib və həkim çatışmazlığı yaranıb 

Avqust-sentyabrda ikinci dalğa başlasa, nə tədbir görüləcək, gərək indidən bunun üzərində ciddi düşünülsün


Türkiyə və Rusiyadan ölkəmizə dəvət edilmiş yüksək ixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda çalışacaq. Həkim heyətinə reanimatoloqlar, pulmonoloqlar daxildir və onlar COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan həkimləri ilə birgə işləyəcəklər.

Xarici ölkə mütəxəssislərinin burada çalışması və koronavirusun müalicəsində əldə etdikləri təcrübəni yerli həkimlərlə bölüşməsinin nəticələri nə zaman özünü göstərə biləcək? Birgə çalışmalar sağalan xəstə sayının artmasına təsir edəcəkmi? 

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında qeyd etdi ki, xarici ölkə mütəxəssislərinin gəlişindən dərhal müsbət dəyişiklik gözləmək doğru deyil: 

- Kimsə zənn etməsin ki, xarici ölkələrdən həkimlər gələn kimi böyük dəyişiklik olacaq. Müsbət dəyişikliyə nail olmaq üçün zaman lazımdır. Ağır şəraitlərdə bütün ölkələr bir-birinə hər hansı formada kömək etməyə çalışır. Bəzisi tibbi avadanlıq, dərman preparatları göndərməklə yardım edir, bəzisi həkim heyəti göndərməklə. Türkiyə bizə qardaş ölkədir, oradan həkim heyətinin gəlməsi başadüşüləndir. Amma Rusiyada bu gün də koronavirus tüğyan edirsə, oradan həkimlərin gəlməsi anlaşılmazdır. Bizim özümüzdə də mütəxəssislər var. Lakin xeyli həkimimiz artıq xəstələnib və həkim çatışmazlığı yaranıb. Vəziyyət həqiqətən gərgindir.

Avqust-sentyabrda ikinci dalğa başlasa, nə tədbir görüləcək, gərək indidən bunun üzərində ciddi düşünülsün. Çünki görürük, bir tərəfdən karantin elan edilir, bir tərəfdən də pozulur. Hazırda böyük yoluxma potensialı var. Gündəlik rəqəmlər də böyükdür. Hesab edirəm ki, karantin müddətini uzatmağın artıq bir mənası yoxdur. Bu, istədiyimiz, arzuladığımız nəticəni də verməyəcək. İndi əsas iş maarifləndirmə tədbirləri olmalıdır. Bəlkə xarici mütəxəssislər efirə çıxıb danışsalar, əhali onlara inanar.
Məncə, sərt karantindənsə, insanlara sərbəstlik verilməsinə keçməliyik. İnsanlar özləri vəziyyəti görüb qaydalara riayət etməyin vacib olduğunu anlamayınca, müsbət irəliləyiş çətin əldə ediləcək. Həkimlər xəstələrlə, yoluxanlarla məşğuldur, müalicə işini icra edirlər. Əhali ilə sosioloqlar, ictimai xadimlər çalışmalıdır. 
Yoluxucu xəstəliklərdə ən əsas önləyici tədbir təmaslaırn azaldılması, minimuma endirilməsidir. Bizdə isə buna nail olunmayıb. Təəssüf ki, biz yoluxma sayının sıfırlanmasını müşahidə etmədik. Əksinə, karantin qaydaları yumşaldılması ilə yoluxmanın növbəti mərhələsi – yenidən yoluxma başladı. Ona görə də belə vəziyyətlərdə əsas istiqamət əhali ilə iş aparılması və maarifləndirici tədbirlər olmalıdır. 

A.Qeybulla qeyd etdi ki, virusun davranışlarına rəy vermək çətindir, bu səbəbdən də xəstəliyin nə zaman sonlanacağını proqnozlaşdırmaq da mümkün olmur:
 
- İkinci dalğa da gözlənilir. Proses 8-9 ay da çəkə bilər. Payızın sonlarına yekunlaşma olacağı iddiaları da var. Ya bu virus tamam yoxa çıxacaq, ya da bir sıra digər infeksiyalar kimi bədəndə lövbər salacaq, bir növ “yuxulayacaq”. Hansısa təsirlərdən yenidən aktivləşəcək. Necə ki, orqanizmdə bir sıra infeksiyalar passiv şəkildə mövcuddur, amma müəyyən təsirlərdən, məsələn, soyuqdəymə zamanı və s. aktivləşirlər.