“Sərt karantin tədbirləri sayəsində yoluxma zəncirini qıra bilərik”

"Əhalisi bizim qədər olan inkişaf etmiş ölkələrdə infeksiyasının yoluxma dinamikasına nəzər yetirsək görürük ki, yoluxmaların sayı 60-70 mini ötüb. Ölənlərin sayı on minlərə çatıb”. 

Bu barədə “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat vurğulayıb ki, pandemiyaya qarşı mübarizədə dövlətin tədbirləri ilə yanaşı vətəndaşların da yaxından iştirakı vacib məsələdir: 

“Vətəndaşın iştirakı öz sağlamlığını qoruması, tibbi maska taxması, sosial məsafə saxlaması başa düşülür. Tələblər çox böyük və imkansız olmasa da, bəzi adamlar bunlara riayət etmirlər. Nəticədə yoluxanların sayında ciddi artım müşahidə olunur.

Dövlətimiz ciddi tədbirlər görür, qanunları sərtləşdirir. Media maarifləndirmə işini həyata keçirir. Polislər, həkimlər həyatlarını təhlükəyə ataraq, ailələrindən uzaqda gecə-gündüz xidmət göstərirlər, fədakarlıq edirlər.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edir, aldıqları tövsiyələri rəhbər tutaraq gündəlik tədbirlər görür. Biz isə cəmiyyət olaraq sərt karantin tədbirləri sayəsində infeksiyanın yoluxma zəncirini qıra bilərik. Koronavirus infeksiyasına qarşı mübarizə ölkəmizdə bir nömrəli məsələdir. Dövlət bütün resurslarını bu məsələyə səfərbər edib”.
 
A.Badamov vurğulayıb ki, əgər səhiyyəmiz vaxtında yenidən qurulmasaydı, qlobal pandemiya həyatımıza girəndə  səhiyyəmiz buna dözməzdi: 

“Qısa zamanda 45 xəstəxana koronavirus xəstələrinin müalicəsinə cəlb olundu. Bunların 36-sı Prezident İlham Əliyevin sərəncamları ilə son dövrlərdə tikilib istifadəyə verilib. Ölkə başçısının uzaqgörən siyasəti həm ölkəmizin iqtisadi inkişafında, həm də insanların sağlamlığının qorunmasında özünü göstərir. Məsələn, cənab prezident 10 yeni modul xəstəxanasının tikintisinə tapşırıq verəndə hamı fikirləşirdi ki, bu xəstəxanalar niyə tikilir və ya buna ehtiyac yoxdur. Çünki o vaxtı Azərbaycanda virusa yoluxanların sayı çox cüzi idi. İnsanlar ciddi qəbul etmirdi. Amma son bir ayın dinamikası göstərdi ki, modul xəstəxanaların tikintisi ilə bağlı verilmiş tapşırıq günün vacib məsələsi imiş. Qısa zamanda bütün regionlar əhatə olunmaqla 20 yeni modul xəstəxanasının tikilib istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da səhiyyəmizə  koronavirus infeksiyasının yoluxma dinamikasını nəzarətdə saxlamığımıza imkan verəcək. Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə uğurla aparılır.