Qida təhlükəsizliyi məsələsində “çəkic"i eyni hədəfə vurmalıyıq ! – Dələduzluq !

“Əks halda, hərə bir yerə dağılsa, arabanı bataqlıqdan çıxarmaq mümkün olmayacaq”


Dünən Bakıda saxta içki hazırlayanlar ələ keçib. Baş Prokurorluğundan verilən məlumata görə, Vurğun İbadov adlı sahibkar fərdi sahibkar kimi qeydiyyatdan keçmiş vəzifəli şəxs olan Əzim Hüseynovdan kustar üsulla hazırlanan spirtli içkiləri alıb ayrı-ayrı şəxslərə satıb. Nəticədə bu içkilərin Gəray və Romel Bağırov adlı paytaxt sakinlərinin ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Vurğun İbadov və Əzim Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyi məsələsi prioritet sahələrdən biridir. Bu sahədə şəffaflığın təmin olunması istiqamətində  Qida  Təhlükəsizliyi Agentliyi ciddi addımlar atır. Buna rəğmənm yenə də insan sağlamlığını öz merkantil maraqlarına qurban verən dələduzlara rast gəlinir.  
Maraqlıdır, daha nə kimi addımlar atılmalıdır ki, bu sayaq əməllərə son qoyulsun?!



Sualımızı cavablandıran ekspert Elsevər Fərzəliyev “Sherg.az”a bildirib ki, baş verən hadisələrin qarşısını almaq üçün ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsidir:

“Tədbirlərin həyata keçirilməsi, xalqın maariflənməsi üçün kütləvi informasiya vasitələrindən istifadə etmək lazımdır. Bütün televiziya kanallarına xüsusi göstəriş verilməlidir ki, aldadılma halları, cinayət işi, keyfiyyətsiz məhsulun  istehsalı və satışının təmin olunması məsələləri işıqlandırılsın. Buna şərait yaradan şəxslər məsuliyyətə cəlb olunmalıdır. 

Belə məsəl var: “El bir olsa dağ oynadar yerindən”. Hamı bu işə müdaxilə etsə, o zaman müvəffəqiyyət əldə etmək olar. Əks halda, hərə bir yerə dağılsa, arabanı bataqlıqdan çıxarmaq mümkün olmayacaq.

Hər kəs eyni vaxtda, eyni istiqamətdə güc, qüvvə, sərf etməlidir ki, bu uyğunsuzluq, çatışmazlıq aradan götürülsün. Maarifləndirmə zamanı insanların vicdan məsələsinə də diqqət yetirilməlidir.  Saxta məhsullardan istifadə etmək olmaz.

Sonra fövqəladə vəziyyət yarandıqda kiməsə müraciət etmək imkanımız olmur. Ona görə də gəlin, belə halların baş verməməsi üçün müəyyən tədbirlər görək və qarşısını alaq”.