Paşinyan Qərbi, Moskvanı və xalqı da aldadır

Asim Mollazadə: "Yeganə qurtuluş yolu Azərbaycanla sülhdən keçir"



Ermənistan hakimiyyətinin təkcə Rusiya ilə yox, həm də Avropa Birliyi və NATO ilə problemləri var. Bu barədə məlumatı “Qraparak” qəzeti yayıb. Nəşr vurğulayıb ki, İrəvanın NATO ilə problemləri keçən ildən başlayıb. Ermənistan NATO ilə fərdi tərəfdaşlıq fəaliyyəti proqramı çərçivəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq 2005-ci ildə imzalanıb və 2 ildən bir yenilənməlidir.

Sonuncu dəfə bu sənəd Serj Sarkisyanın 2017-ci il Brüssel səfəri zamanı imzalanıb. 2019-cu ildə sənəd yenilənməyib. Problemin həlli üçün 11 mart 2019-cu ildə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda olub və müxtəlif vəzifəli şəxslərlə görüşüb. Lakin Paşinyan Appaturayla görüşməyib. Siyasi şərhçilərin fikrincə, İrəvan bu hərəkəti ilə Rusiya və Qərb arasında ikili oyun oynayır. Ancaq eyni vaxtda iki stulda əyləşmək son nəticədə Ermənistanın özünə ziyan verəcək. 

Nikol Paşinyan hökumətinin riyakar mövqeyini “Şərq”ə təhlil edən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Ermənistan həm Qərbi, həm Moskvanı, həm də erməni xalqını aldatmağa çalışır. Deputatın fikrincə, yalanlar burulğanında boğulan İrəvan hökuməti heç bir dövlətə yaraşmayan çirkin ideologiyaya əsaslanan siyasət yeridir:

“Düşmən ölkə üçün yeganə qurtuluş yolu Azərbaycanla sülhdən keçir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Ermənistan normal dövlət kimi formalaşa bilər. Paşinyan hökuməti yalanlara, ikili siyasətə son qoymalı və sağlam müzakirələrə başlamalıdır. Erməni xalqının xilası bununla bağlıdır. Əks halda uydurmalar və nifrət üzərində qurulan sistem mütləq dağılacaq. Ermənistan isə acınacaqlı sonla üzləşəcək”.