"Yaşamaq ən ağır şərtlərdə belə gözəldir" - SÖHBƏT

Zeynal Məmmədli: “Cəmiyyətdə güvən böhranı yaşanır”

"Bunu nə qədər tez anlasaq, çıxış yollarını da tez taparıq"

"Doğmalarımızı adi biganəlikdən itirəcəyiksə, o gözəl həyat ağlagəlməz işgəncəyə çevriləcək"

 Son aylarda bütün dünya kimi, biz də gizlən-qaç oynayırıq - gözəgörünməz düşmən olan koronavirusla. Biz gizlənirik, o da tapa bildiyini tapır. Bəlkə də, bu oyuna “qaçdı-tutdu” da demək olar. Yəqin ki, kimin qovaladığı, kimin qaçdığı məlumdur. O da bəllidir ki, heç bir oyun bu qədər uzun çəkmir, aylarla davam etmir. Əlbəttə, içində olduğumuz arzuolunmaz durumu “oyun” adlandırmaq düzgün deyil. Baş verənlər - planetdəki ən böyük şəhərlərin xarabalığa çevrilməsi də, eyni gündə minlərlə insanın eyni səbəbdən dünyasını dəyişməsi də təəssüf ki, həqiqətdir. 
 Deməli, oyun, filan vaxtı deyil. Bütün sahələrə təsir etməkdə koronavirusla mübarizə aparmalıyıq. Əgər laqeydliyə, məsuliyyətsizliyə davam etsək, üzümüzdəki ağ maskalar bir azdan əlimizdəki ağ bayraqlarla əvəzlənəcək…

 “Şərq” qəzeti tanınmış media eksperti Zeynal Məmmədli ilə koronavirus pandemiyası və onun nəticələri ilə bağlı həmsöhbət olub. 

- "Dördüncü hakimiyyət" nümayəndəsi kimi dünyada tüğyan edən koronavirus pandemiyası ilə bağlı nə düşünürsünüz?

- İlk növbədə onu deyim ki, Azərbaycanda media “Dördüncü hakimiyyət” olmaqdan, hələ ki, uzaqdır. İlk 3 hakimiyyətin tam formalaşması demokratiyanın olmazsa-olmazıdır. Yalnız o formalaşmadan sonra mediaya bu bənzətmə yaraşar. Amma bunu bir qırağa qoysaq, fors-major hallara hər hansı media tipi hazır olmalı, öncədən hazırlanmış təlimata dayanaraq davranmalıdır. Bizim media bu baxımdan düşünülmüş və pandemiyanın gedişinə görə şaxələnən bir plan əsasında fəaliyyət göstərə bilmədi. Dərs olsun bizlərə.

- Pandemiyadan sonra nələr dəyişəcək, sizcə?

- Hər sahənin mütəxəssisləri “pandemiyadan sonra nə olacaq” sualına indidən cavab aramalıdırlar. Mənim bəlli təcrübəm olduğu üçün  yalnız media və təhsillə bağlı düşüncəmi bölüşə bilərəm. Media fövqəladə durumda necə çalışacağına dair “rəhbər göstərişlər” hazırlamalı və indiki dövrdən maksimum dərs almalıdır. Peşəkar media qurumları pandemiyaya özünə güvən oyatmaq və fəaliyyətini gərəyincə maliyyələşdirmək üçün bir fürsət kimi baxmağı öyrənməlidir. Belədə cəmiyyət müstəqil medianın önəmini daha dərindən anlaya biləcək. Umuram ki, elə də olacaq. Təhsil sahəsindəsə onlayn tədrisin keyfiyyət və səmərəsini artırmaq ön plana çıxarılacaq. İstər orta, istərsə ali təhsil pandemiya olmadan da onlayn təhsili gözardı etməməyi öyrənməlidir.

- Hələ də bu xəstəliyə inanmayanlar var. Səbəb nədir?

- Bu sualın cavabını dəqiq və dolğun verməkdən ötrü sosioloji sorğuya ehtiyac var.  Mən, sadəcə, onu deyə bilərəm ki, cəmiyyətimizdə çox şeyə inamsızlıq hökm sürür. Güvən böhranı yaşanır və bunu nə qədər tez anlasaq, çıxış yollarını da daha tez taparıq. Düşünürəm ki, hökumət peşəkarlardan təşkil edilsə, peşə əxlaqı siyasi əxlaqla tamamlansa, inam və güvən böhranını aşa bilərik. Hələliksə, Gürcüstanı örnək alıb, inanmayanları 50 manat, 100 manat deyil, min dollar, 2 min dollar cərimə etməyi qəddarlıq saymamalı, maddi durumu ağır olanlar üçün yardım kampaniyaları keçirməli, hökumətdənsə daha şəffaf yardım siyasəti tələb etməliyik.

-  İnformasiya təminatını necə qiymətləndirirsiniz?

- Media bütövlükdə bilgi verməyə çalışdı, amma durumun müxtəlif gedişlərini proqnozlaşdıra və hər gedişə uyğun təlimatlar hazırlamadığından, ortaq media siyasəti yürüdə bilmədiyindən, onun faydalı iş əmsalı aşağı oldu. Bu durum bir daha müstəqil və demokratik, üstəlik də peşəkar medianın nədən vacib sayıldığını ortaya çıxardı. Medianı at arabasıyla müqayisə etsək, o, həmin arabanı həm öndən daşımağı, həm də arxasından itələməyi bacarmaqla alternativinin olmadığını sübut etməlidir.

- Bildiyiniz kimi, bu müddətdə jurnalistlərimiz fəaliyyətlərini davam etdirirlər. Onlarca jurnalistimiz artıq virusa yoluxub. Ön cəbhədə vuruşanlardan biri olan jurnalistlərin fəaliyyətləri haqqında nə deyə bilərsiniz?

- Azərbaycanda, təbii ki, peşəkar və fədakar jurnalistlər az deyil. Onların arasındakı xəstələrə şəfa, usanmadan çalışanlara dözüm diləyirəm. Pandemiya dövründə peşə həmrəyliyini və ortaq çalışma vərdişlərini artırsalar, media menecmentinin önəmini – işi çoxvariantlı planlamağın vacibliyini gözardı etməsələr - bu, media rəhbərlərindən daha çox asılıdır, özlərinə inam və güvəni danılmaz səviyyəyə gətirəcəklər.

- İnsanlara tövsiyələriniz nələrdir?

- Çox bəsit bir tövsiyəm var: Yaşamaq gözəldir, ən ağır şərtlərdə belə gözəldir. Amma, ancaq, lakin yaxın və doğmalarımızı adi biganəlikdən, qeyri ciddilikdən itirəcəyiksə, o gözəl həyat ağlagəlməz işgəncəyə çevriləcək.