Təbii, mineral sularımız da Ermənistanın "işğal"ı altındadır

İstisu "Mrav" adı altında satışa çıxarılır


Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətini genişləndirməkdə davam edir. Ötən illər ərzində ölkəmizin milli sərvətlərini talayan Ermənistan indi də Azərbaycanın təbii və mineral sərvətlərini istismar edərək, dünya bazarında satışa çıxarır.  Beynəlxalq qanunvericiliyə əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara əməl etmir. Bununla bağlı Azərbaycan tərəfinin müraciət əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub. Lakin ortada bir nəticə yoxdur.
 
Qeyd edək ki, bu yaxınlarda  Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyanın iştirakı ilə Xankəndində “Mrav” (Murov) adı altında mineral su istehsal edəcək zavodun açılışı olub. 30 işçisi olan zavod Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərəcək. Ermənilər İstisudan toplanan mineral suyu “Mrav” (Murovun ermənicə adı) brendi altında satacaq.

İlk növbədə, Qarabağda yerləşdirilmiş işğalçı ordunun hərbçiləri su ilə təmin ediləcək. Gələcək planda isə suyun Ermənistan vasitəsilə Rusiya və digər ölkələrə satışı nəzərdə tutulub.

Təəssüflər olsun ki, ermənilərin istismarı su ilə bitmir, işğal etdikləri bütün ərazilərimizdə zəngin təbiətimizi viran qoyur, sərvətlərimizi amansızcasına talan edirlər. Lakin onlar başa düşməlidirlər ki, Azərbaycan öz torpaqlarını mütləq geri qaytaracaq, ermənilərin törətdikləri vəhşilikləri, talanları bütün dünyaya bir daha sübut edəcək. Onda dünya erməni işğalçılarının iç üzünü bir daha görəcək.

Ermənilərin bu özbaşınalığı haqlı olaraq Azərbaycan ictimaiyyətində narahatlıq doğurur. Bizim  içməli su qıtlığından əziyyət çəkdiyimiz bir vaxtda  ermənilər Azərbaycanın sularından "dədə malı" kimi istifadə edir, hətta satışa da buraxırlar.  

Əslində erməni faşistləri Azərbaycan torpaqlarını işğal edərkən nəyin bahasına olur-olsun şirin su ehtiyatlarını ələ keçirməyə can atıblar. 200 il bundan əvvəl başlayıb əsrlər boyu uzanan erməni köçləri bir qayda olaraq Azərbaycanın su mənbələri ilə zəngin ərazilərində lövbər salıblar. Bu, son nəticədə ona gətirdi ki, hazırda Ermənistanda adambaşına düşən şirin su ehtiyatları Azərbaycanla müqayisədə 3 dəfə çoxdur! Məhz bu rəqəm ermənilərin həm ötən əsrlərdəki köç siyasətində və həm də sonrakı müharibələrdə şirin su hövzələrini hədəfə götürdüyünü sübut edir. Tarixi torpaqlarımızda özünə dövlət quran ermənilərin şirin su ehtiyatlarının bizdən bu qədər artıq olması ciddi və narahatedici məqam kimi nəzərdən keçirilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda yerüstü şirin su ehtiyatları 30-31 kub kilometr təşkil edir ki, bunun da əsas mənbələri çaylar, göllər, su anbarları və buzlaqlardan ibarətdir. Eyni zamanda, şirin su ehtiyatlarının mənbələrinin 70 faizi  ölkə hüdudlarından kənardadır. 

Bunun da ki, təxminən  20 kub kilometri transsərhəd, 10 kub kilometri isə yerli çayların hesabına formalaşır. Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları isə 9 milyard kubmetrə yaxındır. Statistik göstəricilərdən də göründüyü kimi, ölkəmizin su təminatında  xarici mənbələrdən olan çayların  rolu böyükdür. Erməni işğalında ən çox xatırladığımız rəqəm torpaqlarımızın 20 faizinin zəbt edilməsidir. Amma daha vacib bir fakt da ondan ibarətdir ki, bu gün erməni faşistləri şirin su ehtiyatlarımızın daha böyük qisminə - yarıdan çoxuna sahib çıxıblar. Bircə o faktı qeyd edək ki, indiki Ermənistanın şirin su ehtiyatlarının 80 faizini Göyçə gölü təşkil edir. Erməni faşistlərinin sonuncu təcavüzündən üzü bəri işğal edilən torpaqlarımızda Azərbaycana, onun təbiətinə və təbii nemətlərinə fasiləsiz divan tutulur. Ölkə ərazisinin 20 faizini təşkil edən bu torpaqlarda su anbarları, çaylar, göllər və bulaqlar, həmçinin rayon, qəsəbə və kəndlərə çəkilmiş 5587 km uzunluğunda içməli su xətləri düşmən tərəfindən dağıdılıb məhv edilir. Altı rayonun 100 min hektara yaxın əkin sahəsini su ilə təmin edən "Sərsəng" su anbarı işğal altında olmaqla yanaşı, baxımsızlıqdan tam qəzalı və yararsız vəziyyətə düşüb. Bundan əlavə Xaçınçay, Qanlıgöl,  Arpaçay, Ağdamkənd su anbarı və onlarla su deposu ermənilərin nəzarəti altındadır. Azərbaycanın işğal olunmuş ərazilərində təkcə su anbarları deyil, ekoloji əhəmiyyətə malik olan Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl və Canlıgöl kimi şirin su ehtiyatlarından ibarət kiçik göllərin də bu gün hansı vəziyyətdə olduqları məlum deyil. Müalicəvi əhəmiyyətə malik olan və Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40 faizini təşkil edən  mineral su bulaqları vəhşicəsinə daşınır. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlu su yataqları, Laçında  Minkənd, Şuşada Turşsu, İsa bulağı, Qubadlıda,  Zəngilanda, Cəbrayılda ermənilər tərəfindən insafsızcasına istismar edilən neçə-neçə belə bulaqların adlarını çəkmək olar. Onu da nəzərə almalıyıq ki, ermənilər bu günün özündə belə, ərazilərindən Azərbaycana axan çayların istiqamətini dəyişmək üçün ciddi iş aparırlar. Bununla kifayətlənməyərək Tərtərçay, Xaçınçay, Köndələnçay, Bazarçay, Həkəri, Bəsitçay, Qarqarçay, Çaylaqçay, Oxçuçay vasitəsi ilə Azərbaycana  ərazilərindən çirkli sulardan savayı zəhərli maddələr axıdırlar. Kür çayına Ermənistandan qovuşan kiçik çayların və Arazın sularını ermənilər müxtəlif tullantılarla çirkləndirərək bir çox parametrlərə görə onları insan həyatı üçün təhlükəli həddə çatdırırlar. Ən pisi də odur ki, işğalçı dövlətdə təbii su mənbələrinin çirkləndirilməsi planlı və düşünülmüş şəkildə həyata keçirilir. Bu fakt dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi monitorinqlərdə öz təsdiqini tapıb. Bununla erməni tərəfi dildə atəşkəsdən danışsa da, reallıqda dünyəvi dəyərlərə məhəl qoymadan Azərbaycana qarşı istənilən üsullarla müharibə aparmaqdan çəkinmir. 

Millət vəkili Azər Badamov da "Şərq"ə açıqlamasında işğal altında olan ərazilərə qeyri-qanuni məskunlaşma və  təbii sərvətlərdən istifadənin beynəlxalq hüquqa zidd olduğunu deyib:

"Prezident və siyasətçilərimiz beynəlxalq təşkilatda, görüşlərdə ermənilərin qanunsuz əməllərinə mütəmadi etirazımızı bildirir və beynəlxalq gücləri bunun qarşısının alınmasına hərəkətə keçməyinə çağırış edirik. Amma çox təəssüf ki, beynəlxalq səviyyədə ermənilərin özbaşınalığına göz yumurlar, susqunluqla qəbul edirlər. Bu gün Mrav adı altında mineral suyun istehsalını da işğalın davamı hesab edirəm. Biz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq. Torpaqlarımızı işğaldan azad edəcəyik və düşünürəm ki, ermənilərin torpaqlarımızda qurduğu bütün infrastruktur və müəssisələrə Azərbaycan sahiblik edəcək. Bu da işğaldan azad etdiyimiz torpaqlarda yenidənqurma işimizi rahatlaşdırar".

Digər millət vəkili Ceyhun Məmmədov isə təəssüflə qeyd edib ki, ermənilərin Dağlıq Qarabağdakı sərvətlərimizi özününküləşdirib talaması birinci hal deyil. Biz dəfələrlə bu cür xoşagəlməz halların şahidi olmuşuq. Ermənilər işğal boyu bizim milli və təbii sərvətlərimizi talayıb, müxtəlif erməni adları altında xarici bazarlara çıxarıblar. Kəlbəcərdəki qızıl zavodu, ağaclarımızın qırılması və s. kimi maddi və mənəvi sərvətlərimiz  müntəzəm olaraq  ermənilər  tərəfindən təcavüzə məruz qalır. 

Nə yolla olur-olsun Azərbaycana məxsus sərvətlərin erməni adı altında dünya bazarında satılmasına qarşı çıxmalıyıq. Bunun üçün də biz üç istiqamətdə mübarizə aparmalıyıq. Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi və beynəlxalq media vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalı, erməni adı ilə satılan bütün məhsulların əslində Azərbaycana məxsus olduğunu sübut etməli, onların işğalçılıq və talançılıq siyasətlərini ifşa etməliyik". 
Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov isə Qarabağ bölgəsinin mineral su ehtiyatları ilə zəngin olduğunu deyib. Şuşa şəhərindən 16-18 kilometr məsafədə yerləşən mineral su mənbələrinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan politoloq deyib ki, bu suların tərkibində çox miqdarda dəmir var və müalicəvi xüsusiyyətləri ilə fərqlənir: "İşğal altında olan təbiətin bu neməti ermənilər tərəfindən istismar edilir.

Tədqiqatlarımız nəticəsində Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyanın iştirakı ilə Xankəndində “Mrav” (Murov) adı altında mineral su istehsal edəcək zavodun açılışı ilə bağlı məlumatlara rast gəldik. 30 işçisi olan zavod Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərəcək.  Ermənilər İstisudan toplanan mineral suyu “Mrav” (Murovun ermənicə adı) brendi altında satacaq.  Qeyd etmək istərdim ki, ilk növbədə, Qarabağada yerləşdirilmiş işğalçı ordunun hərbçiləri su ilə təmin ediləcək. Gələcək planda isə suyun Ermənistan vasitəsilə Rusiya və digər ölkələrə satışı nəzərdə tutulub. Eyni zamanda, adıçəkilən zavodun limonad, soyuq kofe və çay istehsal etməsi də planlaşdırılır".

 Azərbaycanda su problemi yaşanan bir dövrdə bizim su ehtiyatlarımızın ermənilər tərəfindən mənimsənilməsini təəssüf doğurucu məqam kimi dəyərləndirən politoloq hesab edir ki,  Ermənistan Azərbaycanın milli sərvətlərini talamaqda davam edir, beynəlxalq aləm isə buna göz yumur və adekvat reaksiya göstərmir: "Bu məsələ mütləq ATƏT-in faktaraşdırıcı missiyasının, Avropa Birliyi, Avropa Şurası Parlament Assambleyasının və digər qurumların diqqətinə çatdırılmalıdır.  Su ehtiyatlarının qənaətbəxş olması istiqamətində müvafiq addımların atılması və bu sahədə təhlükəsizliyinin təmin edilməsi bu gün bütün dünyanın gündəmində olan məsələdir.

Gələcəkdə bizi hidro müharibələr də gözləyə bilər. Neft erası su erası ilə əvəzlənəcək. Bu baxımdan, Ermənistanın işğalı altında olan su ehtiyatlarımızı geri qaytarmaq, torpaqlarımızı düşmən tapdağından azad etmək istiqamətində motivasiya rolunu oynamalıdır".