Sosioloq “tərs köşə”dən gəldi: “Kişilər qadınların psixoloji təsirinə məruz qalır”

“Bunun nəticəsində kişi də fiziki gücünü göstərir”

“Kişilər daha çox ənənələrin qoruyucusu qismində, qadınlarsa daha çox sərbəstliyə can atan təbəqə şəklində ortaya çıxır”

“Burada fiziki cəhətdən kişi güclü olduğu üçün kişilərin əlindən qəfil hadisələr, ölüm hadisələri daha çox çıxır” 


İyulun 9-da Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə ona işgəncə verməsi barədə polisə məlumat daxil olub. Bu xəbər əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilərkən bədəni üzərində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar edilib.
Bu hadisədən yola çıxaraq iddia edə bilərik ki, Azərbaycanda qadınlara qarşı zorakılıq halları getdikcə artır. Bu sahədə vəziyyətin artıq kritik həddə çatdığını desək, yanılmarıq.  

Maraqlıdır, qadınlara  qarşı şiddətin artmasının səbəbi nədir?



Sualmızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, məsələnin hər zaman qadına şiddətlə bağlı olması düzgün deyil: 
 
“Problemin kökü ondan ibarətdir ki, cəmiyyətdə sürətlə gedən dəyişikliklərdə qloballaşmanın, ölkədəki sosial-iqtisadi proseslərin, eyni zamanda müəyyən başqa proseslərin də təsiri var.

Doğrudur son illərdə ailələrdə gün keçdikcə gərginlik, qadına şiddət daha da artır. Əvvəllər həm kişi, həm də qadın ailədəki vəzifələrini bilirdi və yerinə yetirirdi.

Eyni zamanda ölkədə ictimai qınaq var idi. Hazırkı dövrdə qadınların daha çox filmlərin, sosial şəbəkələrin, cəmiyyətdə olan başqa proseslərin təsiri altında bir qədər demokratiya, azadlıq haqqında təsəvvürləri genişlənib. Əslində isə o həqiqi azadlıq deyil.

Bəzi qadınlar sərbəstliyi müasirlik kimi qəbul edir. Bu fonda da ailədə gərginlik get-gedə artır, kişilər daha çox ənənələrin qoruyucusu qismində, qadınlarsa daha çox sərbəstliyə can atan təbəqə şəklində ortaya çıxır. Kişilər qadınların psixoloji təsirinə məruz qalır.  Bunun nəticəsində kişi də fiziki gücünü göstərir.

Təbii ki, burada fiziki cəhətdən kişi güclü olduğu üçün kişilərin əlindən qəfil hadisələr, ölüm hadisələri daha çox çıxır. Ailənin möhkəmləndirilməsi, hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilməlidir.  Həm qadınlar, həm kişilər maariflənməlidir. Cəmiyyətdəki humanitar siyasət dəyişməlidir”.