Dövlət başçısına minnətdarlıq: “Diqqətiniz bizi həm sevindirir, həm də ruhlandırır”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi Elvira Əhmədova ölkə başçısına məktubunda yazır:

“Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlib, dünya birliyində özünə layiqli yer tutub. Koronavirus adlı bəlanın bütün dünya ölkələrini əsarətə aldığı və iqtisadiyyatını çökdürdüyü bir vaxtda, Sizin əhalinin rifahı ilə bağlı heç bir layihəni ixtisar etməməyiniz bir daha göstərdi ki, rəhbərimiz xalqına nə qədər bağlıdır və xalqını nə qədər sevir. Aqrar sahəyə, eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz qayğı və diqqət bizi həm sevindirir, həm də daha da ruhlandırır. Cənab Prezident, bu qayğı üçün Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.