Liderə yazırlar: “...Xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Zaqatala rayonundan Həsən Ömərovun ölkə liderinə məktubunda deyilir: 

“Hörmətli cənab Prezident, koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Çox qısa zaman ərzində koronavirusla mübarizə çərçivəsində lazımi imkanlara malik yeni modul tipli xəstəxanalar istifadəyə verildi. Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasətiniz nəticəsində koronavirus bəlasından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik”.