Regionun lideriyik: Azərbaycan bütün qonşularını geridə qoyub 


BMT-in yaydığı məlumata görə, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir. Ölkəmiz dünya dövlətləri arasında mühüm nəticə nümayiş etdirir. Azərbaycan bu göstəriciyə görə 54-cü pillədə qərarlaşıb və bununla da, qonşu öklələri qabaqlayıb. 

 BMT-in sözügedən məlumatını “Sherg.az”a təhlil edən millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyevin fikrincə, bu, atılan məqsədyönlü addımların nəticəsidir:

““Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Əlbəttə, bu uğur təsadüfi deyil. Cənab prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, sosial-iqtisadi paketlər və digər taleyüklü qərarlar Azərbaycan iqtisadiyyatının təkcə dayanıqlılığını təmin etməyib. Həm də inkişaf üçün əsaslı zəmin yaradıb. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması,  əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, mövcud  təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması göz qabağındadır. Sadaladığım faktları dünyanın aparıcı siyasi, iqtisadi qurumları da təsdiq edir. Bu nöqteyi nəzərdən Azərbaycanın gələcəkdə də nəinki regionda, hətta dünyada aparıcı dövlətlərdən biri olacağını əminliklə deyə bilərik”.