"Koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmalıyıq"

"Hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər"

"Koronavirusdan sığortalanan ölkə yoxdur. Bu gün nümunəvi səhiyyə sisteminə malik qabaqcıl ölkələrdə belə yoluxma sayı 60-70 min, ölüm sayı isə on minlərlə ölçülür".

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.



Deputat bildirib ki, dövlətimiz pandemiyanın ortaya çıxdığı ilk gündən onunla mübarizə aparmaq məqsədilə zəruri addım atıb:

"Koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmalıyıq. Məhz görülən tədbirlər bunun üçündür. Artıq 800 çarpayılıq xəstəxana istifadəyə verilib və yaxın zamanda 1300 çarpayılıq yeni modul tipli xəstəxana da istifadəyə veriləcək. Ümumilikdə isə hazırda ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə və biri Abşeronda  olmaqla beş modul tipli beş xəstəxana fəaliyyətdədir. Daha beş modul tipli xəstəxanın isə inşası təmin ediləcək. Bununla yanaşı, ölkəmizin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar. Qeyd edilməlidir ki, bu xəstəxanaların 36-sı məhz cənab Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib".

Parlament üzvü qeyd edib ki, dövlət üzərinə düşən öhdəliklərin lazımi qaydada icrasını, o cümlədən ölkə daxilində və beynəlxalq səviyyədə səylərini davam etdirir:

"Hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Lakin bütün bunlarla yanaşı vətəndaşlarımız da sosial məsuliyyət göstərməlidir. Pandemiya dövründə xüsusi qaydalara qeyd-şərtsiz riayət olunmalıdır. Vətəndaşlarımız nizam-intizama tam məsuliyyətlə riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. Ölkəmiz bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını da uğurla davam etdirir. Təşkilatın direktoru iyulun 9-da bu əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Qarşılıqlı əməkdaşlıq və məsləhətləşmələr bundan sonra da davam etdiriləcək. Təbii ki, mövcud şəraitdə ön planda insanların sağlamlığı durur. Ancaq pandemiya şəraitinə baxmayaraq, dövlətimiz sosial və iqtisadi tədbirlərin icrasında da fəallıq göstərir".