Təxribatlar hər an qanlı döyüşlərə çevrilə bilər - Hərbi ekspert

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib. Müdafiə Nazirliyinin məlumatına görə, günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Düşmən təxribatını "Sherg.az"a dəyərləndirən hərbi ekspert Azad İsazadə deyib ki, hər an hərbi əməliyyatların başlaması ərəfəsindəyik.



Ekspertin sözlərinə görə, bu risk bəzən azalsa da, heç vaxt sıfıra enməyib:

"Əksinə, zaman-zaman daha da artaraq "Aprel döyüşləri"nə səbəb olub. Müharibənin başlama riski həmişə var, səbəbləri isə çoxdur. Sərhəddə, konkret Tovuz rayonu istiqamətində ermənilər tez-tez təxribata əl atır. Fikrimcə, bunun əsas səbəbi Ermənistanın daxilində baş verənlərdir. Düşmən ölkədə vəziyyət çox gərgindir. Hətta hərbi çevriliş haqqında söhbətlər gedir. Çox güman ki, hərbçilər bu təxribata əl ataraq Nikol Paşinyana mesaj verirlər. Göstərirlər ki, Müdafiə Nazirliyinə müdaxilə etsə, vəziyyət nəzarətdən çıxa bilər. Yəni daxili siyasətdə öz rollarını qəbul etdirməyə çalışırlar. Bu, sadəcə versiyadır. Azərbaycan Ermənistanda gedən proseslərdən asılı olmayaraq, başa düşməlidir ki, hər təxribat qanlı döyüşlərə çevrilə bilər. Ona görə də hər an hazır olmalıyıq".