"Bir neçə gün əvvəl Paşinyanın sərhəddə təxribatlar törədəcəyinə dair proqnoz vermişdim" - Politoloq

"Ordumuz Araz çayı boyunca hücuma keçərək, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı azad edərək, Ermənistanla sərhəddə çıxıb Ağdamı işğaldan azad edə bilər"

Ermənistan ordusu dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və erməni ordusu itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Təmas xəttindəki gərginliyi "Sherg.az" a şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Ermənistanın  ordumuzun mövqelərinə artilleriya vasitəsilə hücuma keçməsi, əvvəlcədən hazırlanan planın bir hissəsidir:

"Qarabağ istiqamətində deyil, məhz  dövlət sərhəddində bu cür təxribatlar etmək, Ermənistanın son illərdə əsas strateji xəttidir. Baş verənlər Azərbaycanın geosiyasi mövqelərinin güclənməsinin qarşısını almaq , Qərb sərhəddində Azərbaycanın boru kəmərlərinə təhdid yaratmaqdır.  Bir neçə gün bundan əvvəl Ermənistanda daxili siyasi vəziyyətin gərginləşdiyi fonunda Paşinyanın sərhəddə təxribatlar törədəcəyinə dair proqnoz vermişdim. Bildiyiniz kimi,  Paşinyanın daxildə siyasi vəziyyəti gərgindir, o belə bir təxribatlarla vəziyyəti cəbhə xəttinə yönəldir". 

Politoloqun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə Minsk qrupu ilə bağlı qeydləri, müharibə mesajı verməsi, Yerevanda ciddi narahatlıqla qarşılandı. 
Məhz bu səbəbdən ictimaiyyətin diqqətini mövzudan yayındırmaq istəyən Ermənistan atəşkəs rejimini  Qarabağ istiqamətində deyil,  məhz dövlət sərhəddinə yönəldir. Odur ki, beynəlxalq aləmin rəyindən asılı olmayaraq  Azərbaycan ordusu  bütün istiqamətlərdə düşmənə güclü zərbələr endirməlidir. 
Son günlər Rusiya ilə Azərbaycan arasında  yaşanan fikir ayrılıqlarına diqqət çəkən politoloq hesab edir ki,  Müdafiə naziri Zakir Həsənov Aprel döyüşləri zamanı Rusiya müdafiə nazirinin telefonla  zəng etməsini boşuna xatırlatmadı.

Ordumuzun cəbhə xəttində Ermənistan tərəfindən törədilən bütün təxribatların qarşısını almağa hazır olduğunu vurğulayan politoloq deyib ki, hər an dövlət sərhəddindəki atəşkəsin pozulmasına da hazır olmaq lazımdır. Görünür, Ermənistan məhz  bu təxribatları məhz dövlət sərhəddində törətməklə Qarabağ məsələsini arxa fona keçirmək, eyni zamanda Rusiyanı proseslərə cəlb etməyi planlayır: 

"Hazırkı döyüşlər Azərbaycan üçün unikal şansdır. Ordumuz Araz çayı boyunca hücuma keçərək, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı azad edərək, Ermənistanla sərhəddə çıxıb Ağdamı işğaldan azad edə bilər.  Artıq, ox yaydan çıxıb. Naxçıvandan da Ermənistanın ordusuna zərbələr endirmək lazımdır. 
Regionda geosiyasi vəziyyət gərgindi. Qəti şəkildə atəşkəsə getmək lazım deyil. Bu əleyhmizə işləyəcək. Onsuz da sülh danışıqları fiaskoya uğrayıb və artıq müharibənin başlanması qaçılmazdır. 
Rusiya faktorundan çəkinmək lazım deyil. Türkiyə bizə mütləq kömək edəcək. Ötən ay Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Qarabağ məsələsində Azərbaycanın köməyinə hazır olduqlarını vurğulamışdı.  Əminik ki, Rusiya müdaxilə edəcəyi təqdirdə  Türkiyə öz hərbi bazasını ölkəmizdə yerləşdirəcək".