Məşhur hind aktrisası və 8 yaşlı qızı Aradhi koronavirusa yoluxub


Hindistanlı aktrisa Ayşvariya Ray Baççan və səkkiz yaşlı qızı Aradhinin koronavirus testi müsbət nəticələnib.

AZƏRTAC PTI agentliyinə istinadla xəbər verir ki, bu barədə Baççan ailəsinin yaşadığı Maharaştra ştatının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Ayşvariya Rayın qayınatası, aktyor Amitabah Baççan, eləcə də aktyor və rejissor olan əri Abhişek Baççan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aktrisa bundan sonra test verib.

Hazırda Baççan ailəsinin Mumbay şəhərindəki iqamətgahı bağlanıb, orada yaşayanlar və işləyənlər iki həftəlik karantinə yerləşdirilib.

Hindistanlı fotomodel və aktrisa, “Dünya gözəli – 1994” müsabiqəsinin qalibi Ayşvariya Ray Baççan 46 yaşında olmasına baxmayaraq hələ də dünyanın ən gözəl qadınları reytinqlərində təmsil olunur. O, “Məhəbbət ritmləri”, “Devdas”, “Codha və Əkbər”, “Robot” və başqa filmlərdə çəkilib.