“Ermənilər çoxsaylı itki verib” 

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüz və növbəti təxribatdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. 

Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Baş verənləri “Sherg.az”a dəyərləndirən millət vəkili Anar Məmmədov bildirib ki, koronavirus pandemiyası Ermənistandakı vəziyyəti daha da ağırlaşdırıb. İşğalçı ölkədə son dövrlər bir neçə yüksək vəzifəli şəxslərin ard-arda istefa verməsi hökumətdə ciddi qarşıdurmanın olduğunu və ölkənin siyasi böhrana sürükləndiyini göstərir:

"Paşinyan bunları yaxşı bilir və ölkədəki böhranlı vəziyyətdən diqqəti yayındırmaq üçün cəbhədə təxribata əl atıb. Düşmənin  Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür”. 

Millət vəkilinin sözlərinə görə, qürurverici haldır ki, rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını böyük cəsarətlə alıb və ermənilər çoxsaylı itki veriblər:

“İşğalçılar bu dəfə də istəyinə nail ola bilməyib və layiqli cavabını alaraq geri otuzdurulub. Mənfur düşmən yenə də öz çirkin xislətinə sadiq qalaraq sərhəddə süni gərginlik yaradıb qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin növbəti təxribatı olduğunu göstərmiş oldu. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi”.

A.Məmmədov qeyd edib ki, ermənilər özləri sosial şəbəkələrdə 30-dan çox itki verdiklərini yazırlar.  Onlar arasında zabitlər də var. Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralanan hərbçilərin sayını gizlədir, real rəqəmləri açıqlamır:

“İşğalçı ölkənin baş naziri Nikol Paşinyan bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır. Hökumət itkilərin real sayını açıqlasa, onsuz da Paşinyandan bezmiş ermənilər ayağa qalxacaqlar və bunun səbəbini soruşacaqlar. Ona görə də erməni tərəfi itkilərini gizlədir. Bəzi məlumatlara görə, ermənilərin bir neçəsinin meyiti neytral ərazidə qalıb”. 

Parlament üzvü bildirib ki, Ermənistanın dövlət sərhədində iriçaplı artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir:

“Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil iki ölkənin dövlət sərhədində törədib. Bununla da erməni tərəfi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq ölkəmizə qarşı növbəti təcavüzü həyata keçirtmək istəyib. Belə olan təqdirdə isə beynəlxalq təşkilatlar Ermənistanın bu təcavüzkar addımına, başqa ölkənin sərhədində güc tətbiq etməsi aktına dərhal münasibət bildirməlidirlər. Bunu açıq formada qınamalıdırlar və təcavüzkarı dayandırmaq üçün əməli addımlar atmalıdırlar.

Eyni zamanda, dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan beynəlxalq qurumlar – BMT, ATƏT, Avropa İtitfaqı, Avropa Şurası, NATO Ermənistanın bu addımına göz yummalı deyillər. Ermənilərin artilleriya qurğularından istifadə etməklə törətdiyi təxribatı pisləməlidirlər və rəsmi Yerevanı dayandırmaq üçün dərhal hərəkətə keçməlidirlər.
Çünki Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir”.