Pandemiyanın təhsilə vurduğu ziyan çoxdur

Onlayn dərslərə qatılan şagirdlərin 70 faizində görmə qüsuru və onurğa əyriliyi müşahidə edilir 

Kompüter şüası sağlamlığa ziyan vurmasın deyə, onlayn dərslər 20 dəqiqədən artıq olmamalıdır, hər dərsarası yarım saat fasilə olmalıdır


Koronavirus pandemiyasından təhsilin zərər çəkəcəyi şübhəsizdir. Dünyada pandemiyanın təhsil sahəsinə ən çox ziyan vurduğu ölkələrin adları açıqlanıb. Bunlar əsasən az inkişaf etmiş ölkələrdir. Hesabatda qeyd edilir ki, pandemiya səbəbindən kasıblığın artması və təhsil sahəsinə büdcə xərclərinin azalması səbəbindən dünyada ən azı 9,7 milyon uşaq təhslini dayandıra bilər.


Bu isə uşaqların əməyə cəlb olunması ilə nəticələnəcək. Təxminən 40 ölkənin məktəbyaşlı uşaqları təhsilini birdəfəlik dayandırıb işləmək məcburiyyətində qalacaq. Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, təəssüf ki, reallıqlardan qaçmaq olmur: 

- Koronavirus təhlükəsi başlanar-başlamaz ümumtəhsil məktəblərinin, tədris müəssisələrinin bağlanmasına qərar verildi və əlbəttə ki, bu, ən optimal variant idi. Eyni Təhsil Nazirliyi “Virtual məktəb” layihəsinə start verdi. Dərslərin onlayn formada keçilməsi qərara alındı. Mart ayının 11-dən “teledərslər”ə başlandı, həmçinin müəllimlər dərsləri onlayn qaydada tədris etməyə başladılar.

Burada məqsəd tədris prosesində uzunmüddətli fasilənin yaranmasının qarşısını almaq idi və buna nail olundu. Lakin keçilən dərslərin keyfiyyəti və şagirdlərin tədris proqramını tələb olunan səviyyədə mənimsəmələri sual altındadır. Hər günün öz dərs yükü var. Əgər şagird, Səfəvilər dövlətinin yaranması fəslini mənimsəməyibsə, ondan Səfəvilər dövlətinin süqutunu yaxşı mənimsəyəcəyini gözləmək olmaz. Tədris proqramında hər dərs növbəti dərslə əlaqəlidir.

Ya da riyaziyyatda əgər sadə ədədləri bilmirsə, mürəkkəb ədədləri də bilməyəcək. Bəli, onlayn tədrisə başlandı, “teledərs” layihəsi tərtib edildi. Amma gəlin görək, bütün şagirdlər bundan istifadə edə bildimi? Azərbaycanda 4447 orta ümumtəhsil məktəbində 1,5 milyon şagird təhsil alır. 900 min şagird “Virtual məktəb” qeydiyyatından keçib. Bəs yerdə qalanlar? Regionlarda şagirdlərin onlayn dərslərdən istifadə etmək imkanları yoxdur. Ailədə 2 şagird varsa, onlar eyni vaxtda onlayn dərsə qoşula bilməz.

“Virtual məktəb” layihəsi işə düşsə də, hamı üçün əlçatan olmadı. Onlayn dərslərin keyfiyyət göstəricisi yoxdur. Şagirdlər keyfiyyətli təhsillə təmin olunurmu və bütün şagirdlər üçün bu, əlçatandırmı? Təəssüf ki, müsbət cavab yoxdur. Üstəlik, onlayn dərslərin şagirdlərin, eləcə də müəllimlərin səhhətinə vurduğu ziyan var.

Onlayn dərslərə qatılan şagirdlərin 70 faizində görmə qüsuru və onurğa əyriliyi müşahidə edilir. Kompüter şüası sağlamlığa ziyan vurmasın deyə, onlayn dərslər 20 dəqiqədən artıq olmamalıdır, hər dərsarası yarım saat fasilə olmalıdır. Belə göstəricilər pandemiyanın təhsilə vurduğu ziyanın miqyaslarıdır; şagirdlərin səhhətinə dəyən ziyan və təhsilin keyfiyytinin aşağı düşməsi. 

- K.Əsədov pandemiya dövründə uşaqların təhsildən yayınmasının da ciddi problem olduğunu bildirdi: 

- Onlayn dərslərə qoşulmaq imkanı olmayanlar təsərrüfata cəlb edilir, müxtəlif gündəlik işlərdə çalışırlar. Ailənin ehtiyaclarını ödəmək naminə işləyirlər. “Qənaət” də budur ki, onsuz da məktəb bağlıdır, ailəninsə pula ehtiyacı var. Məktəbə getməyən, evdə kompüter arxasında dərs çalışmayan uşağa işləməkdən başqa nə qalır?! Bu mənada, pandemiyanın təhsilə vurduğu ziyan qarşıdakı illərdə daha kəskin şəkildə tədrisdən yayınmalar və uşaqların səhhətindəki fəsadlarla özünü göstərəcək.