Qarpız əyləncəsi...

Qardaşlara verilən birdəfəlik ödəmələr geri alınmalıdı

Bu şəxslər ehtiyacları olmadığı halda dövlət büdcəsindən ayrılan puldan yüngül əyləncə, yutubda izləyici rekordu əldə etmək üçün sui-istifadə ediblər



190 manatlıq birdəfəlik ödəməni alaraq onu xoşagəlməz şəkildə istifadə edən və bunu videoya çəkib sosial şəbəkədə yayan qardaşlar – Ruslan və Coşqun Quliyev hərəkətlərindən peşman olduqlarını bildiriblər. Qardaşlar dövlətin onlara verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etmədiklərini sonradan başa düşüblər. Qardaşlar yaydıqları növbəti videoda əməllərindən peşmanlıq ifadə edirlər:  
“Qardaşımla birlikdə 190 manat haqqında bir video çəkmişdim və bu, insanlarda qıcıq yaratmışdı. Sonradan başa düşdüm ki, dövlətin mənə verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etməmişəm, bu səbəbdən etdiyim əməldən peşmanam”.

Qeyd edilir ki, 23 yaşlı Ruslan Quliyev yutuberdir və 260 mindən yuxarı izləyicisi var. O, qardaşı ilə birlikdə onlara verilmiş 190 manatlıq birdəfəlik ödənişə qarpız aldıqdan sonra hamısını qıraraq video çəkib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən haqlı olaraq qınanıb.
Bir çox ailələrin maddi yardıma kəskin ehtiyac duyduğu bir vaxtda qardaşların bu cür saymazyana, yekəxana, müştəbeh hərəkəti, əlbəttə qəzəb doğurur. Eyni zamanda “260 min izləyicisi olan və bundan külli miqdarda gəlir əldə edən adama niyə birdəfəlik ödəmə verilir, halbuki ehtiyaclı insanlara “adınıza maşın var, ev var” səbəbiylə 190 manatın ödənməsindən imtina edilib. 



Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hadisə ilə bağlı sosial şəbəkədə açılmış müzakirələrə rəy bildirərək bu şəxslərə verilmiş birdəfəlik ödəmənin geri alınmasını və məsuliyyətə cəlb olunmalarını təklif edib. “Şərq”ə açıqlamasında S.Məmmədov öz fikrində qaldığını dedi: 

- Konkret bu halla bağlı birbaşa məsuliyyət nəzərdə tutulmasa da, dolayı maddələrlə bu şəxsləri məsuliyyətə cəlb etmək mümkündür. İşin mahiyyəti dövlət büdcəsindən minimum ehtiyaclar üçün verilmiş vəsaitin lüsumsuz yerə sərf edilməsi, ərzağın nümayişkəranə bir şəkildə məhv edilməsidir. Deməli, bu şəxslər ehtiyacları olmadığı halda dövlət büdcəsindən ayrılan puldan yüngül əyləncə, yutubda izləyici rekordu əldə etmək üçün sui-istifadə ediblər. Bunu edən şəxslər mütləq məsuliyyət daşımalıdır. Onlara ödənmiş vəsait geri alınmalıdır. Təəssüf ki, bununla bağlı hələ də heç bir məlumat verilmir. 

S.Məmmədov bu məsələdə Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin üzərinə köklənilməsinin də düzgün olmadığını dedi:  

- Ekstremal vəziyyətdə əhalinin sosial ehtiyaclarını yüngülləşdirmək məqsədilə dövlət büdcəsindən işsiz vətəndaşlara 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi qərara alındı. Əlbəttə, icrada müəyyən qüsurlar olacaqdı. Zatən qüsurlar olmaması, qüsur olardı. Çünki birdəfəlik ödəmələr şəxsin elektron sistemdəki məlumatları əsasında təyin edilirdi.

Kiminsə villası var, amma öz adına yox, bir başqasının adınadır, eləcə də, digər daşınmaz, daşınar əmlak, şirkət, müəssisə və sair. Amma elə adamlar da var ki, gündəlik qazanca işləyir, amma sistemdə adına ev, avtomobil var, yaxud hardasa işçi kimi qeydiyyatdadır.

Belə adamlara, bəli, gündəlik qazanc yerlərini itirdikləri halda, birdəfəlik ödəmələr verilmədi. Yəni, “almalı olan almadı, almalı olmayan aldı” halları baş verdi, təəssüf ki. Amma baxın, nə qədər vətəndaşımız birdəfəlik ödəmələrdən faydalandı, neçə-neçə ailələr bəhrələndi.

Kimsə pulu alıb qarpıza xərcləyirsə, ona görə həqiqi ehtiyaclı vətəndaşları maddi yardımdan kənarda qoymaq nə dərəcədə doğru olar?! Birdəfəlik ödəmələrin verilməsi sistemi ilə ünvanlı sosial yardım sistemi fərqlidir.

Ünvanlı sosial yardımda yerində yoxlamaq mümkündür, baxmayaraq ki, burada da sui-istifadə hallarına yol verənlər tapılır. Amma bu birdəfəlik ödəmələr yalnız elektron sistemlə müəyyən edilirdi, çünki vaxt az idi, gözlənilməz şərait yaranmışdı. Ona görə də hökumət birdəfəlik ödəmələrlə bağlı cəld qərar verdi.

Ancaq mən yenə də öz fikrimdə qalıram ki, o şəxslərə verilmiş birdəfəlik ödəmələr geri alınmalıdır. Necə alınacaq, icra orqanının iddiası əsasında məhkəmə vasitəsiyləmi, ya necə, bunun mexanizmini istəsələr taparlar.