Sərt tənqid: “Mediada jurnalistikadan bixəbər bir ordu var”

“Yaxşı tanıdığınız 3 jurnalistin adın çəkin, görüm jurnalistikanın 3 janrını sadalaya biləcək? Adım kimi əminəm, yox” 

“Jurnalistikanın ən böyük problemi ixtisaslaşmanın aparılmamasıdır”



Ermənistanın Tovuzda təxribat törətməsindən sonra ölkənin diqqəti hərbi əməliyyatlara və informasiya təhlükəsizliyinə yönəlib. Tanınmış jurnalist Səbuhi Məmmədli də öz Feysbuk hesabında buna dair status paylaşıb:

“Dünənki vida törənlərində, gecə baş verən aksiyada mübtəda, xəbər, tamamlığın nə olduğunu anlamayan “jurnalist”lərin hərəkəti sadəcə ikrah doğurdu. Olduqca həssas bir durumda olan Şəhid anasına “Oğlunuz haqda nə deyə bilərsiniz?” sualını vermək olmaz. Şəhid bacısına, ya qardaşına “Qardaşınız hansı şəraitdə həlak oldu?” sualını vermək olmaz. Debillikdi. Bu qədər idiot hardan yığışıb mediaya.

Tik-tok çəkən gəlib reportyorluq edir, hərbi xəbər verir. Bilmirəm mexanizmi necə ola bilər, amma həkimlər, müəllimlər kimi jurnalistlərin də attestasiyası
keçirilməlidir. Bu uğursuz adamlar rədd olunmalıdır jurnalistikadan. Bəlkə də bir qədər sərt oldu...”.

Biz də “Sherg.az” olaraq daha ətraflı danışmaq üçün S.Məmmədli ilə əlaqə saxladıq. Azərbaycanda peşəkar jurnalist qıtlığı olduğunu bildirən jurnalist qeyd edib ki,  istər Bakı Dövlət Uuniversiteti (BDU), istərsə də Bakı Slavyan Universitetində (BSU) jurnalist yetişmir:

Son illərdə parlaq imzalar formalaşmır. Ümumiyyətlə reportyor yoxdur. Əcaib bir vəziyyət yaranıb: kabinet və telefon jurnalistikası. Mediada jurnalistikanın janrlarından bixəbər bir ordu var.

İndi qabaqlarında durmaq olmur. İstəsəz, bir eksperiment keçirək. Yaxşı tanıdığınız 3 jurnalistin adın çəkin, görüm jurnalistikanın 3 janrını sadalaya biləcək? Adım kimi əminəm, yox”. 

S.Məmmədli vurğulayıb ki, bu gün jurnalistikanın ən böyük problemi ixtisaslaşmanın aparılmamasıdır:

“Hamı ekologiyadan tutmuş, üzr istəyirəm erotikaya qədər hansı mövzudan istəyir yazır. Başqa sahədən jurnalistikaya gələnləri qoyaq bir kənara. Heç olmasa, jurnalistika fakültəsində ikinci kursdan sonra o tələbələrin hansı sahələrə maraqlı olmaları öyrənilməli və bu istiqamətdə ixtisaslaşma aparılmalıdır. Və sizi inandırıram aparılsa belə, çoxu şounu, ən yaxşı halda idmanı seçəcək. 

İxtisaslaşma yoxdursa, hərbi jurnalist haradan yetişsin, onu kim yetişdirsin, onda reportyorluq qabiliyyətini kim formalaşdırsın? BDU, yaxud BSU? Nəzəri - o da ala yarımçıq- biliklə kifayətlənmək olar?

O tələbələrə ali məktəblərdə peşəkar jurnalistlər dərs keçməlidirlər. Bir dəfə yazmışdım, jurnalistika fakültəsində təhsil alan 3 tələbəni verin, 3 aydan sonra onu reportyor kimi təhvil verim. Bunu tam əminliklə deyirəm”.