Yürüşdə iştirak edən partiya sədri: “Təxribatçılar formatı dəyişdilər”

“Milli Məclisə girmək provakasiya idi və heç də təqdirediləsi hal deyil”



Cəbhədə baş verən hadisələrlə əlaqədar ordu və əsgərlərimizə dəstək məqsədilə dünən gecə saatlarında paytaxtın mərkəzində yürüş keçirilib. Bir müddətdən sonra yürüş təxribatla əvəzlənib.

İştirakçılar avtobusları aşırıb, Milli Məclisin  binasına daxil olublar. Beləliklə də, vətənpərvərlik fonunda baş verən hadisələr xoşagəlməz formada başa çatıb. 

 Məsələ ilə bağlı “Sherg.az”a fikrini bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hadisələrin təbii formada cərayan etdiyini deyib:

 “Mən də həmin yürüşdə iştirak edirdim. İnsanlar “Könüllü əsgərliyə getmək istəyirik” kimi şüarlarla addımlayırdılar. Bu, çox yaxşıdır. Ancaq necə oldusa, təxribatçıların fəallığı ilə yürüş öz formatını dəyişdi.

Əlbəttə, Milli Məclisə girmək provakasiya idi və heç də təqdirediləsi hal deyil. Əslində, bir adam önə keçməli, kütləni idarə etməli idi. İştirakçılara normal şərait yaradılsa idi, heç vaxt belə narazılıqlar olmazdı.

Çıxış etmək istəyirdim, amma kürsü tapmadım. Nəzərə almaq lazımdır ki, müharibə hər kəsdə, o cümlədən gənclərdə psixoloji şok yaradıb. Belə məqamda diqqətli davranmaq, soyuqqanlılığı əldən verməmək lazmdır”.