"Qardaş ölkəyə dəstək üçün istənilən addımı atmağa hazırıq" - Türkiyə səfiri "Şərq"ə danışdı 

"80 milyonluq Türkiyə xalqı Azərbaycanın yanındadır"
"Şəxsən səfirliyə müraciət edən Türkiyə vətəndaşları Azərbaycan Ordusuna qatılmaq istədiklərini deyirdilər"



Qardaş Türkiyənin Ermənistan silahlılarının Tovuz istiqamətində təxribatına reaksiyaları davam etməkdədir. Ermənilərin hərəkətə keçdiyi ilk andan Türkiyə rəsmiləri və ictimaiyyəti bütün imkanları ilə Azərbaycanın yanında olduqlarını vurğulamaqdadır. Düşmənin məkrli niyyətinə ilk reaksiya Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlundan gəldi.

 Daha sonra Milli müdafiə naziri, general Hulusi Akar ermənilərin ünvanına sərt ifadələr səsləndirdi. Ötən gün isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə qınadığını söyləyərək, önəmli bəyanat verdi. Ərdoğan bildirdi ki, yaranmış vəziyyət sərhədə edilən hər hansı təxribat deyil, birbaşa Azərbaycana hücumdur. Həmçinin, Türkiyə lideri bu hadisənin Ermənistanın boyunu aşan bir plan olduğunu dedi. Qardaş ölkə rəhbəri birmənalı vurğuladı ki, Türkiyə Azərbaycana edilən hər cür hücumun qarşısında yer almaqda tərəddüd etməyəcək. Siyasilərlə yanaşı, türk ictimaiyyəti də sosial şəbəkə üzərindən Azərbaycan Ordusuna dəstək kampaniyası başladıblar. Türkiyə vətəndaşları
“Twiter”də yaratdıqlar “#SeninleyizAzerbaycan” həştəqi ilə yanımızda olduqlarını nümayiş etdiriblər. 

Sərhəddə baş vermiş erməni təxribatı və Türkiyənin Azərbaycana dəstəyi ilə bağlı “Şərq”in suallarını cavablandıran Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Ermənistanın növbəti təxribatını sərt dillə qınayıb. Səfir vurğulayıb ki, iki qardaş xalqın ən çətin anlarda bir-birinə dəstək verməsində təəccüblü heç nə yoxdur və Türkiyə istənilən məqamda və ilk anda qardaş və dost Azərbaycanın yanındadır...



 - Erkan bəy, Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhəddinə təcavüzünü necə dəyərləndirirsiniz? 

 - Ermənilərin Tovuz rayonu istiqamətində təxribata əl atması gözlənilməyən, beynəlxalq prinsiplərə tamamilə zidd olan və xaincəsinə bir hücum idi. Ermənistanın bu niyyəti və cəhdi atəşkəs pozuntusundan əlavə beynəlxalq hüquq normalarının kobuş şəkildə pozulmasıdır. Bu cür təxribatların məsuliyyətini daşımaq Ermənistan üçün utanc gətirəcək məsələdir. Qətiyyən arzulamadığımız bir olay idi. Əfsuslar ki, qardaşlarımız şəhid oldu, yaralananlar var. Mən Azərbaycan xalqına başsağlığı diləyirəm. Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin. Eyni kədəri biz də duyuruq. Ancaq düşmənin məkrli niyyəti yenə baş tutmadı və Azərbaycan ordusunun qəhrəmancasına müdafiəsi nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur qaldı. Ümid edirik, Ermənistan bir daha bu cür uğursuz təxribata cəsarət etməyəcək. 

 - Ermənilər hər dəfə mülki vətəndaşlarımızı da hədəf alırlar. Düşmənin qeyri-insani, müharibə qanunlarına zidd əməllərinin beynəlxalq qurumlar tərəfindən susqunluqla qarşılanmasını necə şərh edərdiniz? 

 - Dağlıq Qarabağ münaqişəsi 30 ildən artıqdır ədalətli həllini gözləyir. Bu prosesdə Azərbaycana qarşı çox böyük haqsızlıq edilməkdədir. Erməni işğalı nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum edilib, doğma yurdlarından ayrı düşüblər. Minlərlə gənc ata-babasının doğulduğu, yaşadığı torpaqları görməkdən məhrum qalıb. Bu, çox böyük ədalətsizlikdir və bu haqsızlığın tez zamanda ortadan qaldırılması beynəlxalq təşkilatların borcudur. Ən qısa zamanda Dağlıq Qarabağ münaqişəsi birdəfəlik çözülməlidir. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi regionu ciddi təhlükə altında saxlayır. Bölgəmizdə daha gözəl və faydalı işlər görmək əvəzinə, ermənilər təcavüzkar siyasətini davam etdirirlər. Əslində münaqişənin həlli Ermənistanı aşan bir məsələdir. Nəzərə alaq ki, düşmənin budəfəki təxribatı Qarabağ cəbhəsində deyil, Azərbaycanla dövlət sərhəddində baş verdi. Bu, birbaşa Azərbaycana təcavüzdür. Ona görə də vasitəçilər və digər beynəlxalq güclər təxribatdan dolayı Ermənistanı cəzalandırmalıdır. 

 - Prezident Ərdoğanın məlum təxribatla bağlı bəyanatında yer alan mühüm mesajlara münasibətiniz necədir? 
 
 - Cümhur başqanımız Türkiyə xalqının hisslərini, mövqeyini ifadə etdi. Türk millətinin qəlbindən keçənləri bütün dünyaya çatdırdı. Azərbaycan-Türkiyə iki dövlət, bir millətdir. Biz qardaş xalqlarıq. Hər zaman bir-birimizə dəstək verəcəyik, ən dar gündə yanaşı duracağıq. Qardaşlar hər zaman bir-birinə yardım etmək duyğusu ilə yaşayır. Əlimizdən gələn dəstəyi verməkdə heç vaxt tərəddüd etməyəcəyik. Bu, tarixən belə olub, bundan sonra da belə davam edəcək. Ən ağır günlərimizdə qarşılıqlı şəkildə dəstəyimizi əsirgəməmişik. Cümhur başqanımızın da ifadəsi bu cür təhlil olunmalıdır. Ən əsası isə dünya ölkələri bundan lazımi dərsi və mesajı çıxartmalıdır. 

 - Rəhbərlik və rəsmilərlə yanaşı türk xalqı da Azərbaycan Ordusuna böyük dəstək sərgilədi, qardaşlıq mesajları verdi...

 - Qardaşlıq xoş gündə sevinci, pis gündə kədəri paylaşmaqdır. Bir qardaşın başına iş gələn kimi digər qardaşı dərhal yardıma tələsir. “Dəstəyə ehtiyac varmı” deyə soruşmur. Türkiyə Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları apardığı dövrdə azərbaycanlı qardaşlarımız səfirliyə gələrək dəstək aksiyası təşkil etmiş və savaşa qoşulmaq istədiklərini söyləmişdilər. Ermənilərin indiki təxribatı zamanı eyni mənzərə Türkiyədə yaşandı. Şəxsən səfirliyə müraciət edən Türkiyə vətəndaşları Azərbaycan Ordusuna qatılmaq istədiklərini deyirdilər. Azərbaycanda xalqın həyacanı, duyğusu necədirsə, Türkiyədə də eynidir. Türk milləti Ermənistan-Azərbaycan arasında gərginlik başlayan kimi qardaş xalqın yanında yer almaq üçün canfəşanlıq edir. 80 milyonluq Türkiyə xalqı Azərbaycanın yanındadır. Qardaş ölkəyə dəstək üçün istənilən addımı atmağa hazırıq. 

 - Erkan bəy, yaşanan hadisələrlə bağlı Azərbaycan xalqına hansısa mesajınız varmı?
 
 - Azərbaycanda yaşanan olaylar xalqın vətənpərvərliyini, milli ruhunu son dərəcə yüksəltdi. Bəlli oldu ki, hər bir Azərbaycan vətəndaşı öz ölkəsi və işğal altında olan torpağı üçün nəsə etmək istəyir və bunun üçün həsrətlə gözləyir. Ancaq bu cür arzuları nümayiş etdirərkən mümkün qədər diqqətli olmaq lazımdır. Keçirilən dəstək aksiyaları, mitinqlər, yürüşlər mütləq çərçivədə olmalıdır. İmkan verilməməlidir ki, hansısa üçüncü dairələr bu cür aksiyalardan öz məqsədləri üçün istifadə etsinlər. O baxımdan vətəndaşlar müvafiq dövlət qurumlarının rəsmi açıqlamalarını və təlimatlarını əsas götürərək davranmalıdır.