“Ermənistan təxribatı Dağlıq Qarabağda törətsəydi...” – AKTUAL

“Azərbaycan işğaldakı torpaqlarını azad etməyə başlayacaqdı”

“Bu zaman heç kim bizə “gözün üstündə qaşın var” deyə bilməzdi”

“Generalı ordunun başında gedən xalq həmişə qalib olur!”




Sərhəddə təxribatlar həmişə olurdu.  Amma bu dəfə öyrəşdiyimiz mənzərə ilə qarşılaşmadıq. Düşmən cavab atəşi ilə susdurulmasna baxmayaraq, daha həyasız davrandı. Nəticədə vəziyyət hələ də gərgin olmaqda davam edir. Bir sual çoxlarını düşündürür-düşmən niyə Dağlıq Qarabağdan yox, Tovuzdan hücuma keçdi? Məqsəd nədir?  

  Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas bu barədə “Sherg.az”a danışıb. O, düşmən təxribatını təsadüfi hesab etmir:  

“Ermənistan yaxşı bilir ki, təxribatı Dağlıq Qarabağda törətsəydi, Azərbaycan yenə layiqli cavab verəcək və torpaqlarını azad etməyə başlayacaqdı. Bu zaman heç kim bizə “gözün üstündə qaşın var” deyə bilməzdi. Çünki həmin döyüşlər müharibə yox, antiterror əməliyyatlar olacaqdı. Düşmənləri sadəcə öz ata-baba torpaqlarımızdan “təmizləyəcəkdik”. Üstəlik, Ermənistanın lap mərkəzinədək də gedə bilərdik. Ta ki xarici qüvvələr yalvarana qədər. Düşmənin Tovuzdakı təxribatı isə məqsədsiz deyil. Onların niyyəti Azərbaycanın “damarına basmaqdır”.

Ordumuz dözməyib, müharibəyə başlasa bu, Ermənistan üçün qələbə olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının şərtlərinə əsasən onun üzvü olan hansısa dövlətə qarşı, başqa bir ölkə hərbi əməliyyatlara başlayarsa, bu qurum müharibəyə məruz qalan tərəfə həm maddi texniki, həm də ordu ilə yardım göstərməlidir.

Ermənistanın istədiyi də budur. Beləliklə, düşmən təkcə bizi, həm də KTMT-yə üzv olan dövlətləri təxribata çəkir. Amma onun arzusu ürəyində qaldı. Təxribat baş tutmadı”. 

Deputat davam edən hərbi əməliyyatların Ermənistan hökumətinin çirkin məqsədlərinə xidmət etdiyini dedi: 

“Bilirsiz ki, Ermənistanda vəziyyət çox pisdir. Koronavirus tüğyan edir, sosial-iqtisadi siyasət iflasa uğrayır. Paşinyana qarşı münasibət getdikcə pisləşir. Ona görə də baş nazir insanların fikirlərini yayındırmaq, onların başlarını qatmaq istəyir. O, siyasi ömrünün axırına az qaldığını anlayır”. 

A.Abbasın fikrincə, Ermənistan təyin edilmiş müharibə qaydalarını pozur:

“Düşmən dinc əhaliyə atəş açır, yaşayır evlərini vurur. Bu, müharibə qaydalarını pozmaqdır. Azərbaycan otuz illik tarixdə heç vaxt dinc sakini hədəf almayıb. Həmişə demişəm ki, mənim üçün hər kəs əsgərdir. Lakin generalı ordunun başında gedən xalq həmişə qalib olur!”.