Qarabağ məsələsində Türkiyə ilə Rusiya arasında açıq mübarizə... - ŞƏRH 

"Türkiyə rəsmiləri bildirirlər ki, Azərbaycanın atacağı hər addımda qardaşımızın yanındayıq”

“Bu çox vacib bir cümlədir. Deməli, müharibə olarsa,meydanda  Azərbaycan və Türkiyə ikilisini görəcəyik” 


Beynəlxalq ictimaiyyət Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyəti diqqətlə izləyir. Müxtəlif dövlətlərin nümayəndələri açıq şəkildə rəsmi Bakını dəstəklədiklərini bəyan ediblər. Türkiyənin  Prezidenti, xarici işlər naziri, vitse-prezident və müxtəlif rəsmilər birmənalı olaraq Azərbaycana dəstək ifadə ediblər. Bu vəziyyətdə rəsmi Kiyev rəsmi Bakıya dəstəyini bildirmək fürsətini növbəti dəfə əldən verməyib. Ukrayna XİN Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bildirib. Ukrayna tərəfi vurğulayıb ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması əsasında onun beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə vəziyyətin həllini dəstəkləyir. 

Eyni zamanda Moldova da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Türkiyə, Ukrayna və Moldovanın ölkəmizə birmənalı olaraq dəstəyini “Sherg.az”a şərh edən politoloq Rusif Məmmədsoy bildirib ki, baş verən qarşıdurma əslində ermənilərin əsl üzünü bir daha gözlər önünə sərdi. Analitik hesab edir ki, bölgədə yaradılan qarşıdurma erməni tərəfindən düşünülmüş bir addım idi. Nəticə etibarilə düşmən diqqəti Dağlıq Qarabağ bölgəsindən yayındırmağa çalışır:



“Amma bunun elə bir əhəmiyyəti yoxdur. Azərbaycan Silahlı Qüvvələri hər halda düşmənin çoxlu sayda hərbi texnikasını, obyektlərini, canlı qüvvəsini məhv etdi, edir və edəcək də. Düşünürəm ki, budəfəki döyüşlər Aprel savaşından fərqli olacaq. Bunun bir çox səbəbləri var. Nəzərə alsaq ki, artıq Azərbaycan meydanda faktiki olaraq tək qalmayıb. Bu mənada ordumuzun hər an Qarabağa doğru hərəkət edəcəyinə də şübhə etmirəm. Azərbaycan xalqı yenidən sübut etdi ki, Qarabağla bağlı heç bir razılaşmaya getməyəcək. Bunu hər kəs yaxşı anlayır. Hər birimizin bir istəyi var-Qarabağ ! Dünənki aksiya əslində düşmənə də, Qərbə də, Rusiyaya da çox ciddi bir mesaj oldu. Hansı ki, 31 ildən sonra 60.000 dən çox insan Qarabağ deyərək yürüş etdi. Mövqeyimiz bəllidir. Ölkə başçısı İlham Əliyevin də son çıxışına nəzər yetirsək, görə bilərik ki, artıq həm iqtidar, həm də xalq olaraq bu gedişat bizi narahat edir. ATƏT-in yarıtmaz fəaliyyəti, uzun illərdir davam edən lazımsız sülh danışıqları və nəticəsiz görüşləri bütün bunlara səbəb oldu. Artıq xalq bütöv şəkildə Qarabağ üçün savaşır. Azərbaycan xalqı, ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələri Qarabağ üçün hər şeyə hazır vəziyyətdədir”. 

Azərbaycanın meydanda tək olmadığına diqqət çəkən politoloq vurğulayıb ki, o, sadəcə döyüş meydanını nəzərdə tutmur:

“Azərbaycanın çox güclü ordusu, silahları var. Nəzərdə tutduğum qardaş ölkə, eyni zamanda da strateji müttəfiqimiz Türkiyə ilə bağlıdır. Çünki  artıq güclü, beynəlxalq arenada daha çox söz sahibi olan, eyni zamanda çox güclü orduya sahib Türkiyə Cümhuriyyəti bizi hər məqamda dəstəkləyə bilər. Nəzərə alsaq ki, illər öncə Türkiyə və Rusiya bu mənada açıq mübarizəyə girmək istəmirdilər. Lakin hazırda görürük ki, Türkiyə rəsmiləri ard-arda verilən açıqlamalarda bildirirlər ki, hər halda, Azərbaycanın atacağı hər addımda qardaşımızın arxasındayıq. Bu çox vacib bir cümlədir. Deməli, müharibə olarsa belə Azərbaycan və Türkiyə ikilisini görəcəyik”. 

R.Məmmədsoy qeyd edib ki, Türkiyənin ölkəmizi dəstəkləməsi həm erməni tərəfini, həm də Rusiyanı çox narahat edir: 

“Artıq Rusiya da yaxşı başa düşür ki, Türkiyə həm Suriyada, həm Liviyada, həm ümumiyyətlə Şərqi Aralıq dənizində böyük güclərlə üz-üzə gəlir, lakin iddiasından dönmür. Ukraynaya gəldikdə isə, əvvəla Ukrayna rəhbərliyinə belə həssas məqamda bizə öz dəstəklərini ifadə etdikləri üçün öz təşəkkürümü bildirirəm. Lakin, məsələnin kökünə varmağa çalışaq. Bəli, bu gün Ukrayna Azərbaycanı dəstəkləyir, amma bu strateji bir addımdır. Ukrayna da bizimlə eyni dərdi yaşayır. O da torpaq itirib və bunun haqlı mübarizəsini aparır. Rusiya Krımı ilhaq etdiyi, Ukrayna da separatizmdən əziyyət çəkdiyi üçün bunları demək məcburiyyətindədir. Əks halda Krımın ilhaqı ilə barışmış olacaq”. 

Analitik bildirib ki, Krım ilhaq edildiyi zaman Rusiya ilə tərəfdaşlığımız olsa belə, Ukraynanı dəstəkləmişdik: 

“Belə də olmalıdır. Bunlar beynəlxalq münasibətlərdə vacib məqamlardır. Bundan əlavə Qüds prosesində də İsraillə nə qədər anlaşmalarımız, strateji tərəfdaşlığımız olsa da, Fələstinin mövqeyini dəstəkləməli idik. İsrail də bunu o zamanlar anlayışla qarşıladı. Çünki bu, normaldır. Başqa cür ola da bilməz. Separatizmdən əziyyət çəkən bir dövlət hər məqamda öz mövqeyini ortaya qoymalıdır. Tovuz istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun !”.