ÇAĞIRIŞ: “Soyuqqanlı davranıb,  məlumatları saf-çürük etməliyik”

“Gərək təxribata getməyək, şayiələrə inanmayaq, düşməni sevindirməyək”



Əvvəllər televiziya kanallarının xəbər portallarında tez-tez eşidirdik: “...Atəşkəs pozulub. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur...”. Bu dəfə elə olmadı. Təəssüf  ki, şəhid verdik. Amma döyüşlər sayəsində millətimizin, xalqımızın qüruru, insanlarımızın vətəndaşlıq mövqeləri ilə bir daha fəxr etdik.

Nəinki gənclərimiz, 7-dən, 70-ə hər kəs əlinə silah alıb cəbhəyə yollanmağa, əsgərlərimizlə çiyin-çiyinə döyüşməyə hazırdır. Dünənki  izdiham, yürüş bunun təsdiqidir. 

Qarabağ qazisi, ehtiyatda olan  gizir Natiq Mehdiyev böyük ruh yüksəkliyi ilə bağlı “Sherg.az”a danışarkən ordumuzun gücünə inandığını deyib: 

“İnsanlarımızın bu reaksiyası, vətənpərvərliyi hər kəs kimi məni də sevindirir. Cəbhədən şad xəbərlər alacağımıza ümid edirəm. Şəhidlərimizin intiqamı alınacaq. Necə deyərlər, qisas qiyamətə qalmaz”. 

 N.Mehtiyev vətəndaşlara diqqətli olmağı, emosiyalara qapılmamağı tövsiyə etdi: 

“Başa düşürəm, şəhidlərimizi tanıtmaq lazımdır. Bu, yetişməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunun inkişafı baxımından çox vacibdir. Amma indiki şəhidlərimiz arasında dörd il əvvəlki döyüşlərdə canından keçənləri də təqdim etmək düzgün deyil. 

Çünki düşmən şəhid sayına baxıb sevinir. Mənim tanıdığım, Tərtərdə xidmət edən bir adam var. Onun da fotosunu paylaşıb Tovuzda şəhid olduqlarını demişdilər. Bu məqamları, yayılanların yalan olduğunu mən bilirəm, amma hər kəs bilmir axı. Yəni ki, belə olmaz. Dediyim kimi, düşmən sevinir”. 
 
Qazinin fikrincə, xüsusilə indi eşitdiyimiz, oxuduğumuz bütün informasiyalara soyuqqanlı yanaşmalı, saf-çürük etməliyik:

 “Sosial mediada yalan məlumatlar da yayılır. Məsələn, erməni təxribatçı video çəkərək 812-ci diviziyanın vurulduğunu deyib. Bizim bəxtimiz gətirdi ki, onu ifşa etdik.

Ən azından üzündən erməni olduğu hiss edilir. Amma mətnlərdə, səs yazılarında bunu bilmək olmur. Odur ki, gərək hər məsələyə diqqətlə yanaşaq. İndi elə dövrdür ki, şəhid olsa, hamı biləcək.

Bunu gizlətmək mümkün deyil. Heç gizlətmək fikrimiz də yoxdur. Ancaq gərək təxribata getməyək, şayiələrə inanmayaq, düşməni sevindirməyək”.