Avropa onu qazla təmin edən Azərbaycanı niyə müdafiə etmir ? - Müfəssəl izah 

“Avropadan üz döndərməklə nəyəsə nail ola bilmərik”

“Qonşu Türkiyənin neft-qaz kəmərlərində dəfələrlə diversiya törədilsə də, Avropa ilə münasibətlərini korlamır”

“Biz də müəyyən mənada bu siyasətlə getməliyik”



Avropa qitəyə qaz təminatının həyata keçirilməsi üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Amma bunu dildə desə də, necə deyərlər, sözünün üstündə durmur. Belə ki, qaz təminatının həyata keçirilməsi üçün regionda sabitlik şərtdir. Fəqət Tovuzdakı erməni təxribatı haqqında  beynəlxalq qurumlar hələ də “ağızlarına su alıb oturublar”. Sanki, film izləyirlərmiş kimi , sadəcə tamaşa edirlər. Axı neft-qaz boruları Tovuzun cəmi 100 kilometrliyindən keçir...


 
Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bu barədə “Sherg.az”a danışarkən deyib ki, məsələnin hüquqi və praktiki tərəfləri var: 

“Biz 2013- ildə neft alqı-satqısı barədə Avropa ilə kommersiya sazişi imzalamışıq. Həmin sənəd 25 il müddətliyinə nəzərdə tutulub. Deməli, 2038-ci ilə qədər qüvvədədir.  Ancaq məsələ ondan ibarətdir ki, qazın nəqli Avropanın öhdəliyində deyil. Çatdırılma və təhlükəsizlik hüquqi baxımdan tranzit ölkələrin işidir. Yəni belə demək mümkünsə, Avropa qazı evinin kandarına qədər gətizdirəndən sonra deyir ki, qalanı mənlikdir, sizin işiniz olmasın”. 
 
İ.Şabanın fikrincə, biz münasibətlərin qurulmasında və tənzimlənməsində diqqətli olmalıyıq: 

“Avropa bu kimi işlərdə çox soyuqdur. Ümumiyyətlə, bizlə onların yanaşmaları eyni deyil. Əgər Azərbaycan şirkətlərində bir hüquqşünas və beş satıcı işləyirsə, Avropada 5 hüquqşanas, bir satış meneceri çalışır.

Bu, o deməkdir ki, Avropa  bütün hüquqi məsələləri nəzərə alır.  Özünü sığortalayır, heç bir uduşdan qalmaq istəmir. Beynəlxalq qurumların sözləri ilə əməllərinin üst-üstə düşmədiyi göz qabağındadır. Deməli, biz münasibətlərə soyuqqanlı yanaşmalıyıq. Avropa və Rusiya arasında heç olmasa neytral münasibət yaratmalıyıq.

Avropadan üz döndərməklə nəyəsə nail ola bilmərik. Qonşu Türkiyənin neft-qaz kəmərlərində dəfələrlə diversiya törədilsə də, Avropa ilə münasibətlərini korlamır. Biz də müəyyən mənada bu siyasətlə getməliyik”.