"Mətbuat Şurasına çoxsaylı müraciətlər olub"

Umud Rəhimoğlu: "Hamının mükafatlandırmadan razı qalacağını söyləmək çətindir"

Mətbuat hər bir dövrün çağırışlarını lazımi səviyyədə cavablandırmalı, cəmiyyətin informasiya tələbatını hec bir qərəzə, təhrifə yol vermədən ödəməlidir. Eyni zamanda obyektivlik, milli şüur və vətənpərvərlik kimi prinsiplərə əməl etməlidir. Dövlət başçısı cənab İlham Əliyevin mətbuatın 145 illiyi ilə bağlı Sərəncamında bu vacib məqamlara xüsusi diqqət yönəldilib.

Sərəncamda vurğulanıb ki, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, dövlətçilik ənənələrinə bağlı medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, KİV də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, cəmiyyətin peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da artırmalıdır. 

Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu “Şərq”ə açıqlamasında bildirib ki, milli mətbuatımızın 145 illiyi ilə bağlı Prezidentin imzaladığı Sərəncamda əks olunan məqamlar dövlət rəhbərliyinin mediaya verdiyi önəmin təzahürüdür. Təşkilat rəhbəri Prezidentin Sərəncamını çox yüksək qiymətləndirib:

“Sərəncamda mətbuatın 145 illiyi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi, eyni zamanda jurnalistikamızın inkişafında uzun illər əməyi olan mətbuat nümayəndələrinin mükafatlandırılması məsələləri əks olunub. Bununla bağlı Mətbuat Şurasına da bir sıra tapşırıqlar verilib. Şura bir sıra tədbirlər keçirməyi planlaşdırır. Bildiyiniz kimi, ilin əvvəlindən pandemiya ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi, konfransların təşkil olunması mümkün deyil. Mövcud şərait fərqli metodlarla tədbirlərin keçirilməsini diktə edir. Ona görə də 145 illik yubileylə bağlı tədbirlər distant məsafə gözləməklə, onlayn qaydada reallaşmalıdır. Əlavə olaraq Mətbuat Şurası tərəfindən yubileylə, daha doğrusu, mətbuat tariximizlə bağlı bir sıra nəşrlər hazırlanır”. 

U.Rəhimoğlu jurnalistlərin təltif olunması məsələsinə də münasibət bildirib:

“Jurnalistlərin mükafatlandırılması yeni məsələ deyil. Uzun müddətdir mətbuatın inkişafında rolu olan media nümayəndələri fəxri adlarla, medallarla təltif olunurlar. Fikrimcə, mükafatlandırma ümumən müsbət addımdır. 145 illik yubileylə bağlı da jurnalistlərin dəyərləndirilməsi nəzərdə tutulur. İddialılar çoxdur, bütün jurnalist təşkilatları, redaksiyalar xeyli namizəd irəli sürüblər. Mətbuat Şurasına da bununla bağlı çoxsaylı müraciətlər edilib. Əlbəttə, hamının mükafatlandırmadan razı qalacağını söyləmək çətindir.
Amma əminliklə deyə bilərəm ki, həm Prezident Administrasiyasında, həm də Mətbuat Şurasında bu məsələnin obyektiv həlli üçün ciddi fəaliyyət göstərilir”.