"Milli mətbuatın 145 il "sağ qalması" ən böyük nailiyyətdir


Qabil Abbasoğlu: "Ən böyük töhfə xarici mərkəzlərdən, onların maliyyəsindən asılı olmayan medianın varlığıdır"


Qarşıdan milli mətbuatın 145 illik yubileyi gəlir. 1875-ci ildə başlayan uzun yol bu gün yeni mətbu çeşidlərlə davam etməkdədir. Bütün çətinliklərə, məhdudiyyətlərə rəğmən “Əkinçi”nin indi yüzlərlə “nəvə”si var.  Bu davamçıların əksəriyyəti klassik mətbuat ənənələrinə sadiq qalmaqla, “cəmiyyətin güzgüsü” funksiyasını uğurla yerinə yetirirlər. 

"Lent.az” saytının baş redaktoru, tanınmış jurnalist Qabil Abbasoğlu mətbuatın 145 illiyi ilə bağlı fikirlərini “Sherg.az”la bölüşərək qeyd edib ki, jurnalistikadakı inkişaf, dəyişiklik il dönümü, yubileylə hesablanmır:

"Bu, hər an, saniyəbəsaniyə tərəqqi edən, yeniliyə açıq olan bir sahədir. Mətbuatda maddi-texniki bazadan tutmuş intellektual hazırlığa qədər bütün məqamlar inkişaf etməkdədir. Azərbaycan mətbuatının 145 illik ömründə böyük bir Sovet dövrü yaşanıb. Həmin periodda öz jurnalistika məktəbimiz yaranmasa da, milli kadrlar yetişib.

Düzdür, jurnalistikamızda müəyyən problemlər var. Amma 145 illiyin ən böyük töhfəsi xarici mərkəzlərdən, onların  maliyyəsindən və siyasi ideologiyasından asılı olmayan mediamızın varlıdığır. Mövcud çətinliklərə rəğmən, ölkə mediası “IV hakimiyyət” rolunu təsdiq edir. Onun 145 ildir “sağ qalması” isə, şübhəsiz, ən vacib nailliyyətidir”.