Polad Abidə... - Belə oğul olarmı, Allah?!..

Özünü tanıtmasın, üzünü göstərməsin və bir gün Şəhid olub xalqın ürəyinə girsin, sonra çiyninə qalxsın?!. 

Əsgərlər üçün odun doğrayırdı ki, kazarmanı isitsinlər. Əsgərə deyirdi, oğul bala, mən doğrayıram, sən içəri daşı


“Əziz qardaşım, Polad! Murovdan - sən leytenant olandan qorumaq istəyirdik səni. Bilirdik, bilirdik ki, böyük adamsan, qeyri-adi zabitsən, ona görə. Sonradan adda-budda görüşsək də, kimdən səni soruşdum, dedi, Həşimovdan yoxdur!

Əsgərlərin səni böyük qardaşları kimi sevirdilər, zabit yoldaşların sənin üçün canını verərdilər. Həmişə gizli qalmağı sevərdin, telefon işlətməzdin, biz də səni buna görə, hərdən məzəmmət edərdik. Ancaq, inan, biz də həmişə səni qorumaq, hamıdan gizli saxlamaq istəyirdik. Bu gün artıq səni gizli saxlaya bilmədik... İndi səni bütün Azərbaycan tanıdı və sevdi! Arzularına çatasan, həmişə salamat qalacaq general Həşimov!”

Sosial şəbəkədə bu statusu oxuduğum an qərar verdim; “İlhamla danışacam!”. Bilirdim, çətin olacaq. Səsim qırılacaq. Deməyə söz tapmayacam. İlham danışacaq, mən susacam... Ona zəng etməkdən vaz keçmədim. Generaldan danışacaqdı – Polad Həşimovdan. Bütün Azərbaycanın bir andaca bağrına basdığı Polad Həşimovdan! Belə oğul olarmı, Allah!.. Özünü tanıtmasın, üzünü göstərməsin və bir gün Şəhid olub xalqın ürəyinə girsin, sonra çiyninə qalxsın?!. 

İlham Tumas – qazi, ehtiyatda olan zabit, rejissor, çoxsaylı sənədli filmlər, tv-layihələr, kitab müəlliifi, dostumuz, həmkarımız. Birini də əlavə edim; General Polad Həşimovun cəbhə yoldaşı, ürək dostu! Ürək sızıltısı, qəlb naləsi də bundandı – ürək dostu daha yanında olmayacaq. Onsuz da az-az eşitdiyi səsini, az-az gördüyü üzünü bir də... qiyamətdə görəcək, inşəllah! Təkcə İlham Tumas dostuni itirsəydi, təkcə ona təsəlli verərdik. Vətən oğul itirib! Vətənə “Başın sağ olsun!” deyirik. Telefonda nə danışdıq?!. 

- ...Belə deyirlər; hərə öz ölüsünə ağlayır. Amma... Azərbaycan ordusunda Raquf Orucov, bir də Polad Həşimovdu... Mən onları Azərbaycan ordusunun bel sütunu bilirdim... İnanmıram, bel sütunumuz sınıb. Mənim tanımadıqlarım da var, əlbəttə... 
- Necə oğullar itirmişik... Qarabağı necə alacağıq?
(Tələsik özünü də inkar etdi – M.R.)        

- Yox!.. Yox!.. Belə düşünməyin. Qətiyyən belə düşünməməliyik. Birinin əvəzinə yüzlər, minlər doğulur. (Məni də sakitləşdirməyə çalışdı – M.R.) Biz ki bilirik bunu... Elə igidlərimiz var!.. Mən sadəcə, Poladı tanıyırdım, Raqufu tanıyırdım... Mən neçə ildir ağlamırdım... Poladın şəhadət xəbərini eşidəndə ağladım. Dayanmadan ağladım... Axırı, anam gəldi, dedi, ay oğul, ürəyin partlayar, infarkt olarsan, bəsdi!.. 

-Paylaşdığınız statusdan anladım ki, bir yerdə xidmət keçmisiniz, ona görə sizinlə generalımız haqqında danışmaq istədim.
-1996-2000-ci illərdə Murovda olmuşam. Mən tağım komandiri idim, Polad bölük komandiri. Sonra mən keçdim qərargah işinə, qərargahda işləməyə başladım, sonra ordudan tərxis olundum, o isə qaldı... General oldu! Poladı necə anladım sizə?.. Öz puluna televizor alırdı kazarmaya... Əsgərlərin ehtiyaclarını ödəyirdi.

Əsgərlər üçün odun doğrayırdı ki, kazarmanı isitsinlər. Əsgərə deyirdi, oğul bala, mən doğrayıram, sən içəri daşı. Bir də başını qaldırırdı, ərkyana “ə mən doğrayıb qurtarıram, sən daşımağı çatdıra bilmirsən?!.” Biz ona “balina” ləqəbini vermişdik. Görünməz idi, balina kimi. Okeanın dərinliyinə baş vururdu, orada qalırdı, hərdən üzə çıxırdı, azacıq görünürdü, yenə dibə baş vururdu. İnanarsınız ki, Poladın mobil telefonu yox idi?
-Siz deyirsinizsə, deməli elədi...
-O adam mobil telefon gəzdirmirdi. Bilirsiz niyə? Çünki ehtiyat edirdi ki, birdən dost-tanışdan, qohum-əqrəbadan kimsə zəng edər, hansısa əsgərlə bağlı nəsə xahiş edər. Deyərdi ki, qardaş, əsgər xidmətini eləməlidi!  Ürəyi istəyəndə, kiminləsə mütləq danışmalı olanda özü zəng edirdi. Biz Polada heç vaxt zəng vura bilmirdik... 
-Qarabağ savaşı barədə fikirləri nə idi?
-Polad Həşimov əsl hərbçi idi. Konkret! O hərbçi idi və vəzifəsini yerinə yetirirdi. Daha nəsə danışsın, mülahizə irəli sürsün, nə bilim, proqnoz versin...

Onda Polad Həşimov olmazdı! Bir dəfə Qəbələdə görüşdük. “Şəlalə” deyilən yerdə mən ürək eləmədim çıxmağa, o isə dəli kimi dırmandı şəlaləyə, bir göz qırpımında. Bir də gördüm yerdə - yanımdadı, su gətirib, dedi, al iç!..   
- Vətənin başı sağ olsun, İlham bəy. Bundan başqa heç nə deyə bilmirəm. 
- Hamımız üçün ağırdı... 

Qeyd edək ki, general Polad Həşimov 2016-cı il Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində döyüşlər aparan 1-ci ordu korpusunun komandanı olub.  24 iyun 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova general-mayor rütbəsi verilib.  

Şəhid general Polad Həşimovla bağlı sosial şəbəkədə xatirələrini paylaşanlar çoxdur. Birini təqdim edirik: 

2010-2011-ci illərdə komandirim olmuş general-mayor Polad Həşimovun xatirəsinə:

- Yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.
Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik.

Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.

Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.

Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində güllə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad - güllə keçirməz…

İyun ayında AzTV məndən müsahibə götürməyə gəlmişdi. Məqsəd hərbi xidmətdən yayınıb türməyə gedən bir aktivistə qarşı müsahibə almaq idi. Elə komandirin otağında ikən jurnalistə dedim ki, bunu eləyəsi deyiləm. Komandir məni kazarmaya göndərdi. Jurnalistləri götürüb harasa getdilər. Gecə yarısı növbətçi mənə təcili komandirin yanına getmək göstərişini verdi.

Komandir Həşimovla çay içdik, otağında mənə dedi ki, narahat olma, danışdım jurnalistlərlə. Sənə siyasi suallar verilməyəcək. Zarafatca, həm də ciddi şəkildə komandirə qayıtdım ki, sizi efirdə tərifləməyəcəm ha, çünki buna ehtiyacınız yoxdu. Güldü, dedi ki, düz eləyirsən. Ürəyin nə istəyir, o haqda da danış. Sonra məni nümunəvi xidmətə görə 10 günlük məzuniyyətə göndərdi. Tapşırıqsız, tərifsiz.

Qayıdandan sonra Briqada düzülüşü idi. Minlərlə əsgərin qabağında məni çağırdı, dedi ki, doktor (hərbi xidmətə doktoranturanı yarımçıq buraxıb getmişdim, ona görə doktor deyə çağırırdı məni), gedirik posta odun daşımağa. Əsgərlərlə çiyin-çiyinə postlara odun, yemək daşıyırdı Həşimov.
Yanvarın 1-i evə yola düşmək vaxtı çatdı. Özü mənə bir geribilim forması verdi.

Dedi, nə düşünürsən, onu da yaz. Problemlərdən danışmağa çəkinmə, təkliflər ver. Yenə zarafatından qalmayaraq əlavə elədi ki, yaz doktor, yaz, bəlkə oxuyan oldu…

İndi isə, bu yazını yazıram. Özü oxumayacaq komandirim. Amma bəlkə başqaları oxudu, qəhrəmanımızın qiymətini öləndən sonra yox, vaxtında verə bildik.
Paylaşdı: Ramazan Səmədov
  
Bu da qəhrəmanımızın Abidə anası:

-Döyüş əmri verilərsə mən sizinlə döyüşə bilməsəm də sizə yemək bişirib corablarınızı yumağa hazıram.
Əzizim ana! Bu ürəyin sahibi yalnız və yalnız Polad kimi oğulu dünyaya gətirə bilər. Var ol, yaşa Abidə Ana!
Sənin kimi analar, Polad kimi oğullarımız olduqca, Vətənin dizi bükülməyəcək! 

Bütün şəhid və qazilərimizin qarşısında baş əyərək: