“Beynəlxalq ictimaiyyət baş verənlərə göz yumur”

Ermənistan təxribatını bütün fitnəkarlığı ilə davam etdirir.  Ordumuzla təkbətək bacarmayan düşmən artıq mülki əhaliyə atəş açır. Dinc sakinlərimiz arasında ölənlər də var. Beynəlxalq qurumlar, o cümlədən  özünü “dar günün dostu” kimi təqdim edən ATƏT-in Minsk Qrupu isə hələ də gözləyir. Nəyi gözlədiyini isə heç kim bilmir.... Bəlkə də, lazımı...Maraqlıdır, bu işə birbaşa məsul olan beynəlxalq qurumun susqunluğunun səbəbi nədir?
 
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a açıqlamasında bu mövqeyin təəccüblü olmadığını deyib: 

“Beynəlxalq ictimaiyyətin münasibəti aydındır. Onlar həmişə olduğu kimi  indi də baş verənlərə göz yumurlar. Bir sıra təşkilatlar özlərinin təməl prinsipinə zidd hərəkət edirlər. Ona görə də mövcud münasibət geniş müzakirə mövzusuna çevrilməlidir”. 

A.Mollazadə, həmçinin qeyd edib ki, Azərbaycan hökuməti baş verənlərə səssiz qalmamalıdır:

“Xarici İşlər Nazirliyi bu məsələlərlə ciddi məşğul olmalıdır. Bu qurumun fəaliyyəti arzuolunan səviyyədə deyil. İndi savaş təkcə döyüş meydanında yox, həm də informasiya məkanında gedir. Azəbaycan buna hazırlıqlı olmalıdır. Bütün qurumlar səfərbər olmalı, düşmənə qarşı birləşməlidir”.