Deputat da döyüşmək istəyir:“ Ali Baş Komandanın əmrini gözləyirik!”

“Şəhidlərimizin qisası alınmalı, qanı yerdə qalmamalıdır. Birmənalı şəkildə belə olmalıdır!” 



“Xalqın səmimi yürüşünü təxribata çevirən qüvvələr dərhal cəzalanmalıdır. Belə həssas bir məqamda millətdən sui-istifadə etmək yolverilməzdir”.  
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. 
Deputat vurğulayıb ki, müasir müharibələrdə cəbhəyə sıravi əsgərdən daha çox modern hərbi texnika və peşəkar kadrlar lazımdır: 

“İnsanları meydana çağıranlar virusla “müharibədə” xalqımızın məğlub olmasını təmin edir. Bu da təxribatın başqa növüdür. İnsanlar bilməlidir ki, sosial məsafə saxlamadan izolyasiya olunmadan xəstəlikdən qorunmaq olmaz. Hazırda sevindirici haldır ki, müxalif görüşlü siyasətçilər də birlik çağırışı edib, təxribatı pisləyirlər. 

Biz tanınmış simaların, siyasətçilərin xalqı maarifləndirmələrini gözləyirik. Hamımız öz öhdəmizə düşəni etsək, hər iki cəbhədə, həm “COVİD-19”, həm də düşmən cəbhəsində qalib gələrik. 



Gənclərə səslənirəm, hisslərinizi başa düşürəm və xahiş edirəm təxribatlara aldanmayın. Hazırda sosial informasiya axını güclüdür. Mövqe bildirəndə, şəhid analarının və ailələrinin şəkil və videolarını paylaşanda diqqətli olaq. Onlar tək deyil. 
Dövlət də, elə biz də həmin ailələrin yanındayıq və daim dövlət dəstəyini təşkil edəcəyik. Düzdür, bütün bunlar şəhidlərimizi geri gətirməyəcək. Ancaq əmanətlərinə yüksək səviyyədə sahib çıxacağıq. 


Şəhidlərimizin isə qisası alınmalı, qanı yerdə qalmamalıdır. Birmənalı şəkildə belə olmalıdır! Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik”.

M.Cəfərov xatırladıb ki, Ermənistan tərəfi qeyd etmişdi ki, guya BMT baş katibinin qlobal atəşkəs haqqında təşəbbüsünü dəstəkləyirlər və buna sadiqdirlər. Lakin daha sonra növbəti riyakarlığın, çirkin oyunun və hiyləgərliyin şahidi olduq: 

“Ermənistanın daxili siyasətində vəziyyət çox gərgindir. Son zamanlar Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürür.

 Ölkənin siyasi sistemi bərbad vəziyyətdədir. İrəvan hökuməti COVİD-19-a qarşı olan yarıtmaz siyasətini ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini xarici düşmən obrazına yönəltmək üçün belə provokasiyalara əl atdı. 
Bu təxribatın bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Əlbəttə, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın bu kimi təxribatçı hərəkətlərinə cavab olaraq zəruri tədbirlər görülür və görülməkdədir”. 

Parlament üzvünün sözlərinə görə, Nikol Paşinyanın taktika və strategiyası ilk növbədə Ermənistanın siyasi kursunu Qərbə doğru yönəltməkdən ibarətdir: 

“Bunu həyata keçirmək üçün Paşinyana bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası lazımdır. O, çox yaxşı bilir ki, bu dəfə köməksizdir. Artıq rus siyasətçilər “Ermənistan kömək gözləməsin” notasını veriblər. Belə olan təqdirdə Rusiyanı ittiham edib, birbaşa qərbyönümlü siyasəti həyata keçirməyi planlayan düşmən ölkə üçün insan həyatı, ordu və xalq vacib deyil.

Sırf bu səbəbdən təxribatlar qoşunların təmas xəttində yox, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verir ki, bu və ya digər şəkildə Rusiyanı və KTMT bu məsələyə cəlb etsin. Ermənistanın bu istiqamətdə həyata keçirdiyi birinci təxribat deyil və hesab edirəm ki, sonuncu da olmayacaq.

Ermənistan hakimiyyəti fərqindədir ki, Rusiya onu tərəfdaş kimi qəbul etmir və açıq-aşkar Ermənistan daxilində ona müxalif qüvvələri dəstəkləyir. Burada, sadəcə, bir həqiqət var. Ermənistan diqqəti yayındırmaq üçün müharibə istəyir. Lakin düşmən layiqli cavabını alaraq canlı qüvvə, texnika sarıdan xeyli itki verərək geri oturduldu. Təbii ki, bu müharibədir və şəhidlərimiz hamımızı kədərə qərq etdi. Amma qarşı tərəfin itkisi daha çoxdur”. 

M.Cəfərov bəyan edib ki, Ermənistan tərəfi vəziyyəti gərginləşdirərək KTMT-nı bu məsələyə cəlb etmək niyyətindədir: 

“Paşinyanın planı bundan ibarətdir. Çünki hadisələrin gedişi bunu deməyə imkan verir. İyulun 12-də Tovuzda hərbi təxribat törədildikdən sonra iyulun 13-də düşmən Naxçıvan sərhədində fəallaşmağa başladı. Buradan aydın görünür ki, Ermənistan təxribat törətməklə Azərbaycanı daha genişmiqyaslı cavablar verməyə cəlb etmək istəyir. Ermənistan öz ərazisində gərginlik yaratmağa və KTMT-nin 5-ci maddəsindən yararlanmağa çalışır. Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlayan düşmən dövlət yeni münaqişə zonaları yaratmaq arzusundadır, məhz bu məqsədlə də təxribata əl atır.

Biz təxribatlara aldanmamalıyıq, çünki bu səhnə bizə yad deyil. Hər zaman daxilimizdəki xarici qüvvələrin əlaltıları sadə xalqın hissləri, emosiyaları ilə oynayıb.