Əsas olan budur:“...Qarabağ məsələsində həmrəy olduğumuzu dünya gördü” 

Orduya dəstək hər bir vətəndaşın borcudur. Bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Lakin iyulun 14-15-də keçirilən aksiyada yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi. Prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi.

Aksiyada iştirak edən bir qrup şəxs Bakının küçələrində iğtişaş yaradaraq Milli Məclisin binasına girib vandallıq törətdi və polislərə qarşı zor tətbiq edildi. Sözsüz ki, belə davranışlar vətəndaşlıq mövqeyinə və qanunlara ziddir. Ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir. 

Aksiyadakı təxribatla bağlı “Sherg.az”a danışan sabiq baş nazir Pənah Hüseyn prosesə siyasi məzmun verilməsinin tərəfdarı olmadığını bildirib.
Onun sözlərinə görə, yürüyüşdə müəyyən arzuolunmaz hadisələr yaşansa da, bunu qabartmaq yerinə əsas diqqəti aksiyanın böyük və izdihamlı olmasına yönəltmək lazımdır:

“Aksiyaya on minlərlə insan toplaşaraq ordumuza, əsgərlərimizə dəstək üçün şüarlar səsləndirdi. İstisna deyil ki, o qədər insanın içində anlamazlıqdan, yaxud da müəyyən emosiyalardan bəzi mənfi davranışlar olsun. Aksiyada Azərbaycan müxalifəti nümayəndələri, həmçinin mən bir çox prosesə aktiv müdaxilə etmədik ki, prosesə siyasi çalarlar verilməsin. Hesab edirəm ki, dövlət orqanları, vəzifəli şəxslər orada mikrofon qurulmasını təşkil etməli idi. Xalqın bir-iki nəfər vəzifəli şəxsin müraciətinə ehtiyacı var idi. Orada əhalinin arzularını dəstəkləyən bir bəyənat səsləndirmək olardı”.

P.Hüseynin qənaətincə aksiyanın sonunda o qədər də böyük və şişirdilməli hal yaşanmayıb:

“Əslində həmin hadisə baş verəndə orda deyildim. Parlamentin içində hansısa dağıntı və xəsarətlər olmadı. Aksiyaya gələn insanlar cəmiyyətin Qarabağ məsələsində bir olduğunu, torpaqlarımızın işğaldan azad edilməsində iradəni bütün dünyaya göstərdi. Fikrimcə, əsas olan budur. Yürüşün sonunda qeyd olunan məsələlər sadəcə təfərrüatlardır. Təəssüf edirəm ki, əsas məqam kənarda qoyulub və sondakı təfərrüatlar qabardılaraq önə çəkilir. Bunu isə zərərli hesab edirəm”.