“Azərbaycan xalqının döyüş əzmini qırmaq mümkün deyil"

Ermənistan tərəfi dövlət sərhədimizin Tovuz rayonu istiqamətində hərbi təxribata cəhd  edib. Atəşkəs rejimini kobud şəkildə pozan düşmən əsgərləri silahlı qüvvələrimizin mövqelərini iriçaplı pulemyotlardan, snayperlərdən, artilleriya qurğularından atəşə tutublar. Lakin ordumuzun cəsur əsgər və zabitləri şücaət nümayiş etdirərək qarşı tərəfin növbəti  hücumunun  qarşısını alıb.

Azərbaycan ordusunun ardıcıl sarsıdıcı zərbələrindən sonra çoxlu sayda canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur oldu.  Düşmənlə mübarizədə üstünlüyün ordumuzda olmasına rəğmən  itkilərimiz də yox deyil. Dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ordumuz 11 şəhid verib. 

Sərhəddə ordumuzun əldə etdiyi nailiyyətlərdən ruhlanan Bakı sakinləri orduya  dəstək məqsədilə yürüş keçirib. Xalqımızın öz şəhid qardaşlarına, dövlətinə, ordusuna dəstəyini nümayiş etdirən aksiyada gecə  saatlarına qədər hər şey arzuolunan səviyyədə idi.  İştirakçılar Dağlıq Qarabağda erməni işğalçılarına qarşı müvafiq tədbir görülməsini tələb edirdi.

Lakin son anda xalq mitinqinin içinə daxil olan təxribatçılar fərqli davranış nümayiş etdirdilər. 
Yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi.  Zorla Milli Məclisin binasına daxil olmağa cəhd edən təxribatçılar polislərə qarşı zor tətbiq edib,  polis maşınını devirib, dağıtdılar.

Sərhəddəki təxribatla bağlı "Sherg.az"a açıqlama verən  “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin sözlərinə görə, sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda öyrədilmiş şəxslərin  Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlarımıza ziddir: 

"Ümid edirəm ki,  mənfur  düşmənlə təmas xəttində döyüşlərin getdiyi bir həssas  zamanda  gənclərimiz təxribatçı çağırışlara məhəl qoymayacaq.  Təxribatçı  qüvvələr anlamalıdır ki, sosial şəbəkələr vasitəsilə yalan məlumatlar yayıb statuslar paylaşaraq vətənini, xalqını, dövlətini, üç rəngli bayrağını sevən gəncləri əllərində alətə çevirə bilməyəcəklər. 

Xatırlayırsınızsa, aprel döyüşlərində də belə bir aksiya keçirilmişdi. Yürüşün bir məqsədi var idi - ordumuza, səngərdə düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizə dəstək olmaq.  Bu dəfə  təşkil edilən yürüş də mahiyyətcə eyni xarakter daşıyırdı". 

Erməni tərəfinin növbəti təxribatlarına  zəmin yaratmaq məqsədilə istər cəbhə bölgəsində, istərsə də ölkə daxilindəki vəziyyətlə bağlı yanlış məlumatların yayılmasında maraqlı olduqlarını vurğulayan E.Talışinski vətəndaşlarımızı bu cür yalanlara və təbliğata uymamağa, əksinə, dövlətimizin ətrafında birlik olmağa çağırıb: 

"Atəşkəs rejimini qoşunların təmas xəttindən deyil, məhz dövlət sərhədi istiqamətində pozan, dinc əhalinin yaşadığı kəndlərə atəş açan təcavüzkar Ermənistanın da əsas  istəyi ölkə  daxilində iğtişaş yaratmaqdır. İmkan verməyək ki, düşmən istəyinə nail olsun. Onlar dərk etməlidir ki, bu cür cılız oyunlar və təxribatlarla Azərbaycan xalqının iradəsini, döyüş əzmini  qırmaq mümkün deyil".