«Düşmən virtual arenada da təcavüzkar siyasət yürüdür» - Fəal olaq ! 

"Hər birimiz sosial şəbəkələrdə düşmənə qarşı layiqli mübarizə aparmalıyıq"


Milli ordumuza dəstək məqsədilə Bakıda  keçirilən yürüş  cəmiyyətimizdə vətənpərvəlik ruhunun necə yüksək olduğunu bir daha göstərdi. Biz də ilk saatlarda yürüş iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyətini fəxarətlə izlədik. Lakin sonradan yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi. 

Bakıda keçirilən  aksiyanı xalqın orduyla həmrəyliyi kimi dəyərləndirən millət vəkili Tamam Cəfərovanın "Sherg.az"a açıqlamasına görə,   iyulun 14-15-də keçirilən yürüş zamanı   gənclərin səfərbərlik elan olunması, ordu sıralarında qulluq etmək niyyətləri ilə bağlı səsləndirdikləri şüarlar qürurverici haldır:

"Orduya dəstək aksiyası zamanı səsləndirilən şüarların hər biri  iştirakçıların vətənpərvərlik hisslərinin səmimiliyini, yürüşün mahiyyətini ortaya qoyurdu.  Son anda xalq mitinqinin içinə daxil olan təxribatçılar fərqli davranış nümayiş etdirdilər. Təxribatçı qüvvələr tərəfindən məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhdlər  göstərildi".  

Millət vəkilinin sözlərinə görə, yaradılmış şəraitdən sui-istifadə hallarının  təhlili xarici qüvvələrin ölkədə baş verən proseslərdən ölkəni qarışdırmaq üçün maksimum istifadə etməyə çalışdığını göstərdi: 

"Şübhəsiz ki,  xalqımız bu durumda şəxsi mənafelərini düşünüb,düşmən dəyirmanına su tökənlərə layiqli cavabını verəcək. Lakin hər ehtimala bir vətəndaş olaraq hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik. Unutmayaq ki, biz düşmənlə sadəcə cəbhədə döyüşmürük. 

Eyni zamanda informasiya müharibəsi aparırıq.  Hər fürsəti dəyərləndirən düşmən virtual arenada da ölkəmizə qarşı  təcavüzkar siyasət yeridir. Bu mənada hər birimiz sosial şəbəkələrdə fəal olmalı və düşmənə qarşı layiqli mübarizə aparmalıyıq.

Ölkə başçısının da hər dəfə qeyd etdiyi kimi biz birlikdə güclüyük! Bu birliyi heç bir anti-milli qüvvə poza bilməyəcək. Ona görə ki, bu birliyin təməlində vətən eşqi dayanır".