Keçmiş səfirdən DƏSTƏK:"Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır”

“Bu mənada Azərbaycan istənilən savaşdan qalib çıxacaq”



“Türkiyə və Azərbaycan tək millət, iki dövlət olduğunu dünyaya açıq şəkildə göstərdi”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç deyib. 
Sabiq səfir işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində həyata keçirilən xain hücumunu qınayıb: 

“Bu, açıq-aşkar erməni təxribatıdır. Hücum nəticəsində şəhid olan hərbçilərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Məlumdur ki, Ermənistan daxilində ciddi iqtisadi-sosial problemlər yaşanır. İrəvan hökuməti problemləri unutdurmaq, diqqəti başqa yönə cəlb etmək üçün bu cür təxribatlara əl atır. Prezidentimiz, xarici işlər nazirimiz və müdafiə nazirimiz açıq şəkildə qardaş Azərbaycana dəstəklərini ifadə ediblər. Türk xalqı hər zaman Azərbaycanın yanındadır. Minlərlə gəncimiz təlimat gözləyir. Nə qədər ki, gec deyil, Ermənistan ağlını başına almalıdır. Başda cənab Prezidentimiz olmaqla həm Türkiyə dövləti, həm də türk xalqı Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun yanındadır. Hamı bunu bilsin. 30 ilə yaxındır Azərbaycanımızın torpaqları işğal altındadır. Ermənilərin bu işğalı BMT tərəfindən də təsdiqlənib və Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qərarların bir an öncə icra edilməsi çox vacibdir”.

H.Kılıçın sözlərinə görə, Azərbaycanın son illərdə sürətli inkişafı, regionda nüfuzunun artması təcavüzkar Ermənistanın ciddi narahatlığına səbəb olub: 

“Azərbaycan gündən-günə çiçəklənir, tərəqqi edir. Təbii olaraq Ermənistan bundan təşvişə düşür. Dünyanın COVİD -19 bəlası ilə mübarizə apardığı dönəmdə Ermənistanın Azərbaycan sərhəddinə çirkin təcavüzü ifşa olunmalı, dünya ictimaiyyəti buna düzgün qiymət verməlidir. Koronavirus pandemiyası ilə bağlı cənab dövlət başçısı İlham Əliyev BMT rəhbərliyinə çağırış edib. 130-dan çox ölkə Azərbaycan liderinin təklifinə dəstək verib. Yaxın günlərdə pandemiya ilə əlaqədar konfransın keçirilməsi gözlənilir. Sadəcə işğalçı Ermənistan bu humanist təklifə qarşı çıxıb. Bu da Ermənistan hökumətinin hansı xislətə sabib olduğunu göstərir”. 

Eks səfir vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri 1991-1992-ci illərin ordusu deyil: 

“30 il əvvəl Azərbaycan ordusu tam formalaşmamışdı, nizami qoşun yox idi. Bugün qardaş Azərbaycan çox güclü, modern silahlarla təchiz olunmuş möhtəşəm bir orduya sahibdir. Ən əsası isə güclü, nüfuzlu siyasi liderə və onu dəstəkləyən xalqa malikdir. Paralel olaraq, Türkiyə dövləti və xalqı da Azərbaycanın ən böyük dəstəkçisidir. Ona görə də Azərbaycan istənilən savaşdan qalib çıxacaq. Erməni xalqı ölkədəki siyasi-iqtisadi problemlər səbəbi ilə Ermənistanı tərk edir. Minlərlə erməni qazanc üçün Türkiyədə çalışmaqdadır. Əgər İrəvan hökuməti öz xalqının taleyini düşünürsə, sosial-iqtisadi problemlərin bitməsini arzulayırsa, dərhal öz xoşu ilə işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir. Problemin həllinə çalışan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, konkret Rusiya Qarabağ münaqişəsinin çözülməsi istiqamətində üzərinə düşəni etməlidir. ABŞ, Fransa, Minsk qrupunun digər üzvləri Cənubi Qafqaz regionunda sülhü təmin etmək naminə daha aktiv işləməlidirlər.

Sülh regionun bütün xalqları üçün iqtisadi dirçəliş, sosial rifah və qarşılılıq əməkdaşlıq deməkdir. Biz hər şeydən öncə problemin sülh danışıqları ilə bitməsini arzu edirik”.