İstisna edilmir ! - “Gədəbəydən keçib, Göyçədə yeni cəbhə açıla bilər” - AKTUAL 

“Son otuz ildə Azərbaycan üçün ən optimal şərait yaranıb” 
 
“Amma məncə, döyüş fazası Dağlıq Qarabağa keçsə, Moskva müdaxilə edəcək”

Rusiya neytral bölgədə sülhməramlı qüvvə saxlamaq niyyətindədir”

“Amma dövlət başçısının dünən dedikləri bir daha təsdiq edir ki, biz daha tərəddüd etməyəcəyik”



Tovuzda avtomat atəşi ilə başlayan təxribat indi həm də siyasi sferada müzakirə edilir. Özü də qlobal səviyyədə. Müxtəlif ölkələr Ermənistan-Azərbaycan təxribatı ilə bağlı fərqli mövqelər sərgiləyirlər. Bu isə ayrı-ayrı məqamlarla bağlıdır.  Tarixən “yağlı tikə” adlanan Azərbaycan indi də dünya dövlətlərinin diqqət mərkəzindədir. 

 Sosial tədqiqatlar mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli“Sherg.az”a açıqlamasında fərqli yanaşmaların ilk növbədə Qafqaza münasibətdən asılı olduğunu deyib: 

“Dörd il əvvəl aprel döyüşlərində bizim işimiz daha çətin idi. Çünki beynəlxalq dəstək zəif, hərbi əməliyyatların dayandırılması barədə çağırışlar sərt idi. Üstəgəl, erməni lobbisi də bizə mane olurdu. Amma ötən dörd il ərzində bu sektor darmadağın edildi. Qlobal düşüncə tərzinin dəyişməsi xarici ölkələrin Azərbaycana münasibətinə də təsir göstərdi. Qardaş Türkiyə birmənalı olaraq bizim yanımızdadır və lazımi məqamda dəstək verməyə hazırdır. Pakistan, İsrail, Ukrayna da strateji tərəfdaşlarımızdır. Gürcüstan hər iki tərəfi atəşkəsə çağırır. Lakin strateji tərəfdaş olmağımız onu deməyə əsas verir ki, bu ölkə də bizimlədir. Qazaxıstan da məsələyə müsbət impulsla yanaşır. Rusiya münaqişənin həll olunmasına vasitəçilik edə biləcəyini deyib. Amma indi faktiki olaraq Ermənistanı tək qoyub və Paşinyandan narazılığı artmaqdadır.  İran da Azərbaycanı dəstəkləyir. Çünki ABŞ-ın İrana sanksiya tətbiq etməsi nəticəsində bu dövlətin ölkəmizdən asılılığı yaranıb”. 

 Ə. Əlibəylinin fikrincə, Ermənistan faktiki olaraq təklənib:

“Ermənistanın Qərbdəki müttəfiqləri, daha doğrusu, lobbiçilər Azərbaycanı müdafiə edən qüvvələrə qarşı aksiya keçirirlər. Əlbəttə, bu, əvvəlcədən hesablanmış və illərdir təkrarlanan ssenaridir. Şübhəsiz ki, Böyük Britaniya ilə Fransanın mövqeyi də Paşinyanı qane etmir. Çünki bu dövlətlərin iqtisadi maraqları var. Ona görə onlar regionda sabitliyin tərəfdarıdırlar. Avropaya gedən enerji dəhlizinin buradan keçməsi Avropanı, xüsusilə Fransanı düşündürən əsas məsələdir. Ona görə də Ermənistanın müharibəni aktual saxlaması tarixi müttəfiqləri narahat edir. Dünyanın ən böyük dövlətlərindən biri olan ABŞ da Azərbaycanı dəstəkləyir. Amerika Azərbaycana 100 milyon dollarlıq hərbi-texniki yardım edib. Kiprlə Yunanıstan Ermənistanı müdafiə edə bilərdi. Çünki türklərə nifrət edirlər. Fəqət hər iki dövlətin Azərbaycanla müttəfiqliyinə, özü də bu münasibətin potensialı olduğuna görə, indiki məqamda bu da mümkün deyil. Sadaladıqlarım onu deməyə əsas verir ki, son otuz ildə Azərbaycan üçün ən optimal şərait yaranıb”. 
 
 Ekspert düşünür ki, indiki atışmalar yaxın gələcəkdə fərqli məcraya keçə bilər: 

“Hərbi əməliyyatlar davam etsə, Azərbaycan iki günə bir rayonu azad edə bilər. Xalqın bunu istədiyi də məlumdur. Amma məncə, döyüş fazası Dağlıq Qarabağa keçsə, Rusiya məsələyə müdaxilə edəcək. O, neytral bölgədə sülhməramlı qüvvə saxlamaq niyyətindədir. Amma Dövlət başçısının dünənki çıxışda dedikləri bir daha təsdiq edir ki, biz daha tərəddüd etməyəcəyik.
İndi xalq dövlətə, dövlət isə xalqa inanır. Ordumuz BMT-nin qətnaməsinin 51-maddəsinə əsasən yeni cəbhə açmalı və hərbi əməliyyatların miqyasını genişləndirməlidir. Bunun üçün ən müxtəlif variantlar var.

Məsələn, Gədəbəydən keçib Göyçədə yeni cəbhə açıla bilər. Düşünürəm ki, belə də olacaq. Bir daha təkrar edirəm ki, insanlarımızın yüksək hərbi-vətənpərvərlik ruhu, gənclərimizin döyüşə könüllü getmək eşqi bunu real məsələyə çevrilir.