Baloğlan Əşrəfov: "Gülən olmasa avtomat götürüb sərhədə gedərəm" 


İyulun on ikisindən Tovuz rayonu istiqamətində Ermənistanın təxribata əl atması nəticəsində   başlayan döyüşlər   fasilələrlə davam edir.  Əfsuslar olsun ki, bu haqlı və şərəfli savaşda itkilərimiz də var.  Hər günümüzü şəhid xəbərləri ilə açır, onların acısı ilə zəfərə doğru addımlayırıq.  Torpağa tapşırdığımız  igidlər, atasız qalan uşaqlar ,  övladını vətənə qurban verən qeyrətli analar üçün gücümüzü toplayıb, mənfur düşmənlə mübarizə aparan ordumuzun yanında dayanırıq. Şanlı bayrağımızı, Şuşada, Xocalıda, Qarabağın hər qarışında yüksəltməyə az qalıb. 
Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi:

 “Şübhəsiz bir gün həqiqət parlayacaq!” 

 “Sherg.az”da söz cəbhəsində vuruşaraq, xalqı  rəsmi, təsdiqlənmiş xəbərlərlə məlumatlandırır. Bütün bunlarla yanaşı ziyalıların, sevilən sənətkarların tövsiyyələrini, düşüncələrini oxucularına çatdırır.

Bu dəfə tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfovla əlaqə saxlayaraq, münasibət öyrəndik. B.Əşrəfov  ilk dəfə atışma  xəbərini eşidəndə keçirdiyi hisslərdən danışıb:

“Həyəcanlı şəkildə, özümü idarə edə bilməyib, fikirlərimi dedim.  Onu da  oğlum telefonla çəkib sosial şəbəkələrdə paylaşıb. Həmin  videonun baxış sayı altmış minə çatıb. Hamı  nələr yaşadığımı görüb. Mən də   Azərbaycan xalqının bir nümayəndəsiyəm,   azərbaycanlı  balasıyam.  Döyüşlərdə  həmvətənlərim şəhid düşür.

Təssəvvür edin onlar əzizlərim, yaxınlarım ola bilərdi. Ermənilərə lənət olsun, əsəb keçirdirəm. Əgər gülən olmasa avtomat götürüb sərhədə gedərəm. Qoy öldürsünlər, heç olmasa əlimdən bir şey gələr. Generalımız, mayorumuz , gənc əsgərlərimiz şəhid olub. Hansı ki, onlar Azərbaycanın gələcəyi idi. Belə vəziyyətdə biz neyniyə bilərik?  Ancaq yas tutarıq.  Bir şərtlə ki, millətimizi həmişə ruhlandıraq. Bu dığaları məhv etmək üçün ordumuza ürək-dirək vermək lazımdır. “

Sevilən sənətkar prezidentin tapşırıqlarına, çağırışlarına mütəmadi olaraq  qulaq asdığını da qeyd edib:

“Dövlətin  başında dayanan, ölkəni idarə edən insandır. Onun çıxışına baxdım.  Fərəhləndim ki, dövlətimiz  aciz deyil, ermənin üzərində qələbə qazana bilər. Ona görə Vətənimə xidmət etməyə hazıram. Prezidentimizin, dövlət nümayəndələrinin fikirlərinə  şərikəm.  Lakin hər işi ağılla görmək lazımdır. Bizim  içərimizdə elə nanəciblər var ki, min dənə oyundan çıxırlar.
Onlara deyirəm ki, insafa gəlsinlər. Azərbaycan torpağını qorumaq lazımdır. 
Vətən uğrunda canlarından keçən şəhidlərimizin qarşısında baş əyirəm. Mən də özümü  onların yanında hiss edirəm. Bütün şəhid  ailələrinə  baş sağlığı verirəm.