"Təhlükəli təxribatların qarşısı qanunun sərt üzü ilə alınmalıdır"

Tural Abbaslı: "Məsələyə daha köklü və dərindən yanaşmalıyıq"

Ötən gün Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov sosial şəbəkə vasitəsilə açıqlama yayıb. O, bu cür video yaymasını emosional olması ilə əlaqələndirib: “Həddən artıq emosional insanam və vətənpərvərəm. Mənə gələn xəbərlər, o məlum videogörüntünü yaymağımı məcbur etdi.

Çünki dözə bilmədim, o qədər insanın ölüm xəbəri, insanlarımızın yürüşü, səfərbərlik tələbi məni düşünmədən o videonu yaymağa məcbur etdi”. R.Məmmədov iddia edib ki, bəzi şəxslər bilərəkdən bu cür məlumatlar yayırlar. Hazırda Almaniyada yaşadığı deyilən R.Məmmədovun videosu ölkə ictimaiyyətində ciddi rezonans doğurmuş, dərhal cəzalandırılması tələb olunmuşdu. Qeyd edək ki, Ağ Partiya sədri Tural Abbaslı Rəşad Məmmədovun Almaniyada Müsavat Partiyasına mühacir alveri ilə bağlı açılan cinayət işində əsas şahid kimi iştirak etdiyini bildirib. 

R.Məmmədovun videosu ətrafında cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən AĞ partiya rəhbəri Tural Abbaslı belə məsələlərin bu qədər şəxsiləşdirilməsinin tərəfdarı deyil. Onun fikrincə, bu gün Rəşad olar, sabah başqa “x” adam. Ona görə də məsələyə daha köklü və dərindən yanaşmalıyıq:

“Burada informasiya təhlükəsizliyi, ölkəmizin belə həssas məqamlarda informasiya təxribatlarına  hazırlıq dərəcəsi, bu cür cəhdlərin qarşısının effektiv və fəsadsız formada alınması yollarını təhlil etmək lazımdır. Mühacirətdə olan və nə istədiyini özü də bilməyən birinin əlində qalmalı deyilik. Əgər qalırıqsa, deməli, nəsə çatmır. Problemin özünü həll etməkdən daha vacib onu yaradan səbəbləri aradan qaldırmaqdır. Mən dövlətin xüsusi xidmət orqanlarını bu cür təxribatların qarşısını qətiyyətlə almağa çağırıram.

Əminəm ki, müvafiq qurumda kifayət qədər işini bilən, peşəkar və vətənpərvər insanlar çoxdur. Təhlükəli təxribatların qarşısı sadəcə olaraq ictimai qınaqla deyil, qanunun ən sərt üzü ilə alınmalıdır”.