"Xarici İşlər Nazirliyi proseslərin önündə yox, arxasınca gedib"

Qabil Hüseynli: "Növbəti dəyişiklik nazirlik aparatından tutmuş xarici ölkələrdə çalışan səfirliklərimizə qədər gedib çıxacaq"


Dünən Prezident İlham Əliyev Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncam imzalayıb. Dövlət başçısının növbəti sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri vəzifəsindən azad edilərək xarici işlər naziri təyin olunub. Daha sonra yeni C.Bayramovu videoformatda qəbul edən Prezident yeni nazirə öz tapşırıqlarını verib.

Ölkə rəhbəri bildirib ki, ilk növbədə nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. Təhlil aparılmalı, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir: “Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm”. 

Dövlət başçısı əlavə edib ki, xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalı, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır”. Qeyd edək ki, E.Məmmədyarov 2004-cü ildən XİN-ə rəhbərlik edirdi.



XİN-in fəaliyyətini gücləndirmək üçün atılan addımları və yeni təyinatı “Şərq”ə şərh edən sabiq dövlət müşaviri, professor Qabil Hüseynli bildirib ki, Xarici İşlər Nazirliyinin diplomatik fəaliyyəti heç də qənaətbəxş olmayıb. Politoloqun sözlərinə görə, nazirliyimiz proseslərin önündə yox, arxasında gedib:

“Beynəlxalq əməkdaşlığı layiqincə icra edə bilməyən XİN daxildə də ciddi problem yaşayırdı. Bir ölkənin, ələlxüsus müharibə şəraitində olan bir dövlətin Xarici İşlər Nazirliyi Müdafiə Nazirliyi qədər strateji əhəmiyyətə malikdir. Bu qurumun aktiv və faydalı fəaliyyəti çox önəmlidir. Çoxsaylı problemlərin həlli, qüsurların aradan qaldırılması yeni təyin edilən nazirimizin - Ceyhun Bayrmovun üzərinə düşür. Dövlət başçısının vəzifəyə təyin etdiyi şəxslərin əksəriyyəti Prezidentin etimadını doğruldub. Ümid edirik, yeni XİN başçısı da dövlət başçısının tapşırıqlarının öhdəsindən gələ biləcək. C.Bayramov təhsil nazirliyində müəyyən təcrübə qazanıb”. 

Q.Hüseynlinin fikrincə, xarici işlər nazirliyinin strukturu yenidən qurulmalı və milli kadrlar cəlb olunmalıdır:

“Dövlət başçısı çıxışında bu məqamlara diqqət çəkdi. Çox güman ki, növbəti dəyişiklik nazirlik aparatından tutmuş xarici ölkələrdə çalışan səfirliklərimizə qədər gedib çıxacaq. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi hadisələrin önündə gedəcək və dövlət başçısının dediyi kimi “hücum diplomatiyasını” həyata keçirəcək. Ceyhun Bayramovun rəhbər təyin olunduğu nazirliyi təşəbbüskar bir quruma çevirəcəyinə və Prezidentin siyasətinə dəstək olacağına inanırıq”.