Düşmən bir deyil, iki deyil...

Prezidentin də dediyi kimi hər bir vətəndaş ölkənin maraqlarını qorumalıdır

Təxribatlar xalqın əzəməti qarşısında kiçik bir zərrədir, lakin belə hadisələrdə sayıqlıq tələb olunur


Ermənistanın Azərbaycanla həmsərhəd Tovuz rayonu istiqamətində silahlı münaqişə başlatdığı bu günlərdə xalqımızın dövlətlə birliyi bir daha təsdiqini tapdı.  Paytaxtda təşkil olunan orduya dəstək yürüşü buna misaldır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yürüş barədə xoş sözlər dedi.  

"Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər Xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər Xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi".
O gün həqiqətən də Azərbaycan xalqının ürəyi bir vururdu, minlərlə insan yürüşə qatılmışdı və bir istək vardı – torpaqlarımızı mənfur düşməndən azad etmək. Cənab Prezidentin də vurğuladığı kimi vətənpərvər şüarlar səsləndirməklə yürüş iştirakçıları dövlətimizin, Prezidentin yanında olduqlarını nümayiş etdirirdilər. Bununla xalq dövlət maraqlarının ən böyük və ən vacib müdafiəçisi olduğunu göstərirdi.    

Prezident İlham Əliyev çıxışında bu məqama da toxundu və hər bir vətəndaşın ölkənin maraqlarını qorumalı olduğunu dedi:   

"Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq".

İctimai və dövlət maraqları olan yerdə təxribatlara yer verilməməlidir

Məlumdur ki, həmin möhtəşəm xalq-dövlət birliyinə kölgə salmaq istəyən qüvvələr tərəfindən təxribata əl atıldı. Nəticədə xoşagəlməz hadisələr baş verdi. Doğrudur, belə təxribatlar xalqın əzəməti qarşısında kiçik bir zərrədir, lakin belə hadisələr hamımıza ciddi sayıqlıq tələb olunduğunu xatırladır.   
Prezident İlham Əliyev də Şəhidlər Xiyabanında keçirilmiş yürüşlə bağlı çıxışında bu məsələyə toxunub: 

"Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər Xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər Xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin.

Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili işlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir.

Ona görə Şəhidlər Xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər Xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir.

Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə”. Prezident bildirdi ki, Ordumuz böyük qələbə qazanıb, xalq da bunu dəstəkləyir. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər Xiyabanına gəlir, lakin hansısa yaramaz ünsürlər burada iğtişaşa cəhd edirlər.  

Artıq məlumat verilir ki, təxribatçılar müəyyən olunub: “Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq”. 

“Dövlət maraqları hər şeydən üstündür”

Prezidentin çıxışından da göründüyü kimi xalqımız bu çətin günlərdə dövlətimizin, Vətənimizin maraqlarını hər şeydən üstün tutur. Çünki xalq əmindir; Prezidentin atdığı addımlar, yürütdüyü siyasət xalqın rifahına, dövlət maraqlarının təmininə hesablanır. Dövlət maraqlarının qorunması üçünsə xalqın birliyi, tətbiq edilən qaydalara, verilən qərarlara ictimaiyyətin riayət etməsi əsas təkanverici qüvvədir. 

Həssas məqamlarda vətəndaşlarımız təxribatlara meydan verməməlidir. Dövlət maraqlarının qorunmasında ictimai dəstək böyük əhəmiyyət daşıyır.  Milli Məclisin deputatı Ülvi Quliyev KİV-ə açıqlamasında xalqımızın xoşməramlı yürüşünə təxribat elementləri qatılmasını kəskin qınayıb: 

- Xalqımızın, Azərbaycan gəncliyinin nümayiş etdirdiyi həmrəylik həm düşmənimizə, həm də onun havadarlarına açıq və qəzəbli iradənin haqlı nümayişi idi. Amma unutmayaq ki, düşmənimiz hiyləgər və xaindir, bu xislətdən doğan məkrli niyyət və əməllərinin arxasında tək deyil, illər boyu müşahidə etdiyimiz kimi indi də idarə olunur.

Dünən xalqımızın, onminlərlə Azərbaycan gəncinin nümayiş etdirdiyi Ali Baş Komandanımız, Ordumuzla həmrəylik nümayişi həm düşmənimizə, həm də onun havadarlarına açıq və qəzəbli iradənin haqlı nümayişi idi. Lakin təəssüf ki, həmin düşmən heç vaxt bizimlə mərdi-mərdanə mübarizə aparmayıb. Bu düşmən və onun havadarları o qədər hiyləgərdir ki, təəssüf ki, bəzən bizlərin vətənpərvər emosiya və hisslərindən də istifadə etməyə nail ola bilirlər. Bunu təkcə içərimizdə olan uzantıları vasitəsilə törətmirlər. Əsas gücü sosial şəbəkələrə verirlər. Hər bir müharibənin nəticəsini təmin edən həm də informasiya, daha doğrusu, dezinformasiya savaşıdır. Bu məqsədlə düşmən sosial şəbəkələrdən fəal istifadə edir, saxta məlumat və videolar paylaşır”.

Deputat onu da vurğulayıb ki, bu gün düşmənimizi ən çox narahat edən məsələlərdən biri də ölkəmizdəki ictimai sabitlik, vətəndaş-dövlət, xalq və hakimiyyət birliyidir.

“Bu səbəbdən onun əsas hədəfi ölkəmizdə sabitliyi pozmaq, xaos yaratmaq, dövlət qurumlarına qarşı inamsızlıq toxumunu cücərtməkdir. Çünki düşmən 2016-cı ilin aprelindən sonra əyani şəkildə əmin oldu ki, Azərbaycan Ordusu 28 il əvvəl üzləşdiyi hərbi qruplaşmalar deyil. Əmin oldu ki, Ordumuz yalnız qələbəyə köklənib və bunun üçün həm hərbi təchizatı, həm də sonadək döyüşmək əzmi ruhunda yetişdirilib, rəhbərliyində də İlham Əliyev kimi qətiyyətli Ali Baş Komandan var. Düşmən bu illər ərzində onu da görür ki, artıq Azərbaycan cəmiyyəti də fərqlidir, kifayət qədər yetkindir, Dövlətinə, Prezidentinə və Ordusuna güvənir, onların arxasındadır. Belə bir durumda düşmən öz havadarlarının imkanlarından, köməyindən istifadə edərək ölkəmizin içində disbalans yaratmaq cəhdlərindən əl çəkmir. Dediyim kimi, bu məqsədlə sosial şəbəkələrdən aktiv istifadə edir. Çox təəssüf ki, Ali Baş Komandana və Ordumuza dünənki dəstək mitinqinin sonunda bir qrup gənci düşünülmüş təxribatın alətinə çevirə bildilər. O da ola bilsin ki, bu qrupda olanların bir çoxu heç bunun fərqinə də varmadılar, kimlərinsə məkrli oyununda məharətlə istifadə olunduqlarını anlamadılar. Həmin qrup Milli Məclisin binasına daxil oldu, ora ziyan vurdu, polis avtomobilini aşırdı. Bu, açıq təxribatdır, düşmənin və əlaltılarının düzənlədiyi provokasiyadır. Xalqımızın Ali Baş Komandana və Ordumuza dəstək nümayişinə, Qarabağı işğaldan azad etmək həmrəyliyinə kölgə salmaq cəhdidir”.
 
“Xalq-dövlət birliyinə kimsə qara yaxmağa çalışmasın” 

Millət vəkili xalqımızı ayıq-sayıq olmağa çağırıb:

“Emosiyalarımızdan, vətənpərvərlik hisslərimizdən, kimlərinsə, o cümlədən açıq və gizli düşmənlərin istifadə etmələrinə imkan verməməliyik, təxribatını dərhal özümüz ifşa etməliyik. Unutmamalıyıq ki, Qarabağımızın işğal olunmasının ən əsas səbəblərindən biri keçmişdə bu cür təxribatlara imkan verməyimiz olub. Lakin düşmən, onun açıq və gizli havadarları, orda-burda məkrli senarilər yazıb onu Azərbaycanda həyata keçirmək istəyənlər bilsinlər ki, onların bu cür oyunları və niyyətləri əbəsdir, məhvə və ən sərt cəzaya məhkumdur. Çünki bu dövlətin başında cənab İlham Əliyev onun arxasında isə Azərbaycan xalqı var. Qarabağın azadlığına aparan yol yalnız bu birlikdən keçir. Onlar nə bu birliyə, nə də Qarabağın azad edilməsinə mane ola bilməyəcəklər, qisas isə amansız olacaq!”.

Xalq-dövlət birliyinin təzahürü olan orduya dəstək yürüşündə iştirak etmiş tədqiqatçı jurnalist, əslən Xocalıdan olan Rəsmiyyə Qarayevanın sosial şəbəkədə paylaşdığı status da diqqət çəkən idi: 

- Dostlar, meydanlardayıq. Bu gecə yeni bir Azərbaycan doğulur. Bu gecə uca millətim küllərindən doğulur. Bu gecə Azərbaycan meydandadır. Torpağı üçün, övladları üçün. Biz gecə saat ikiyə qədər yollarda və Şəhidlər Xiyabanının qarşısında idik. İnsan axını var idi saysız, sonsuz. Hamı Vətən, Qarabağ, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları deyirdi.

Yaşlı qadınlardan, kişilərdən tutmuş, ata-anasının boynunda gələn uşaqlara qədər hər kəs meydandaydı. Polislər də çox böyük hörmətlə xalqının yanında idi. Amma təxribatı eşidib dəhşətə gəldim, "vahh, yenə xəyanət?" deyib çökdüm: (Bunu edənlər xalqın birliyini, bərabərliyini, o möhtəşəm izdihamı həzm etməyənlər ola bilər. Buna görə kimsə xalqın dünən gecəki oyanışına, birlik, bərabərlik nümayişinə qara yaxmasın. Dünən gecə meydanda gördüyüm o böyük xalq bunu etməyib. 

Həmin gecə meydanlarda və yollarda 70 minə qədər insan vardı. Onların 69.500-ü "Səfərbərlik", "Cənab Ali Baş Komandan, mənə silah ver, cəbhəyə göndər" şüarı səsləndirirdi. Xalqı eşitmək, duymaq və görmək lazımdır.