Xanımlar da cəbhəyə yazılır

"Mən də gedəcəm, kimsə deməsin ki, daha gənc deyilsən, sənin döyüşən vaxtın deyil..."



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov cəbhəyə getmək üçün müraciət edənlər arasında xanımların olduğunu deyib. Xatırladaq ki, Prezident İlham Əliyevin çıxışından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edənlərin sayı 4 minə yaxındır. 1992-ci ildə şəhid olmuş Famil Qulaminin qızı Tamilla Qulami də cəbhəyə getmək üçün müraciət edənlərdən biridir. 
Könüllülər arasında xanımların olması isə, heç kim üçün gözlənilməz deyil. Xalqımızın igid qızları daim kişilərlə birlikdə ön cəbhədə olub və Qarabağ müharibəsində şücaət göstərib, Vətən torpağına adlarını qanları ilə yazıblar. Bu gün də xanımlarımız düşmənə layiqli cavab verməyə hazırdır. 

Qarabağ müharibəsinin iştirakçısı, qazi Gültəkin Quliyeva “Şərq”ə açıqlamasında xanımlarımızın cəbhəyə könüllü yazılmalarının təəccüblü olmadığını dedi:

- Məsələ Vətəndirsə, nə kişi, nə qadın?! Vətən bizim namusumuzdu, qeyrətimizdi. Əlbəttə, cəbhəyə könüllü yazılanlar arasında qadınlar da olacaq. Olmasaydı, biz qadınlar üçün ayıb sayılardı. Babalarımız bu dövləti qurmaq üçün nə əziyyətlər çəkib. Vətən üçün oğullar sinələrini sipər edib. İndi bir ovuc erməniyə torpağımızı peşkəş edəcəyik? Heç vaxt. Bilirsiniz ki, mən müharibədə olmuşam. Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Müharibə həyatımı alt-üst edib, yaralanmışam...

Amma heç vaxt, bir an belə müharibədə iştirak etdiyimə görə, döyüşdüyümə görə peşman olmamışam, olmaram da. İnsan Vətən üçün ölümə getməlidir. Mən neçə gündür hərbi formanı əynimdən çıxarmıram. Mən də gedəcəm və cəbhəyə yazılacam. Kimsə də qalxıb deməsin ki, daha gənc deyilsən, sənin döyüşən vaxtın deyil... Döyüşün vaxtı, zamanı olmur. Vətən dardadırsa, oğullar şəhid olursa, Polad Həşimov kimi general şəhid olursa, deməli, döyüş zamanıdır. Bəs bu ölənlər nə üçün, kimin üçün şəhid olur? Əlbəttə, Vətən üçün. Bir də ki, mən ölməyə getmirəm, öldürməyə gedirəm. Öləndə də öləcəm. Amma şərəflə. 

Qazi xanım dedi ki, Qarabağ üçün yürüş edən insanları görəndən beynində bir fikir dolaşır – cəbhəyə getmək:

- Mən illərdir intiqam gözləyirəm. İnsanlar küçələrə axışdı, Vətən üçün ölməyə hazır olduqlarını hayqırdılar. Sevindim ki, başlandı. Həm də yenə düşmən başladı. Bizim ona cavab haqqımız var. Gecə-səhərədək beynimdə bu idi ki, biz namusumuzu təmizləməliyik, torpağımızı azad etməliyik, qoy sonunda ölüm olsun. Bu, adi ölüm deyil. Bu, ölümsüzlükdü. Vətən mənim üçün hər şeydən əzizdi. Bu elə bir hissdir ki, onu düşmənin üzərinə atlayanlar bilir. Vətən sevgisi gözə dolubsa, göz başqa heç nə görməz.

Bu sevgi uğrunda ölümə - əslindəsə ölümsüzlüyə doğru qaçar. Hesab edirəm ki, bu proses dayanmamalıdı. Düşməni əzməyə davam etməliyik. Məqsədimizə çatanadək. Ermənilərin niyyəti Tovuz, ya başqa hansısa bölgə deyil. Onların niyyəti bütün Azərbaycandı. Biz onların bu niyyətini birdəfəlik gözlərində qoymasaq, iddialarından əl çəkən deyillər. Dünyada elə bir millət tapılmaz ki, Vətənini müdafiə etməsin, torpağına sahib çıxmaq istəməsin. Vətənini qoruyan, torpağına sahib çıxan xalqlara hörmət edilir.

Biz də hörmət edilən millətlərdən olmalıyıq. Bunun üçün də düşməni susdurmalıyıq. Mən qəti əminəm ki, bu döyüşdə xanımlarımız kişilərlə birgə olacaq. Belə də olmalıdır.