Xalqın birliyindən qorxan qüvvələr var

Amma bu güclərin təxribatçı hərəkətləri nəticə verməyəcək

Düşmənin əsas  məqsədlərindən biri Azərbaycandakı sabitliyi pozmaq, ölkəni vətəndaş müharibəsinə sürükləməkdir. İyulun 14-də Bakıda keçirilən orduya dəstək yürüşündən  sui-istifadə edib təxribat törədənlərin də əsas hədəfi məhz erməni  maraqlarının müdafiəsinə hesablanmışdı. Lakin vəziyyətin nəzarətdən çıxdığını görən polis bütün qanuni vasitələrdən istifadə edərək təxribata cəhd edən iğtişaşçıları hadisə yerindən uzaqlaşdırıb.

Odur ki, növbəti günlərdə hər birimiz maksimum diqqətli olmalı, ehtiyatı əldən verməməliyik. Xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan general- mayor Polad Həşimovu qarşılamaq üçün  Sumqayıta toplaşan izdihamın arasında millət vəkili Müşfiq Məmmədli də vardı. 

Bu barədə "Şərq"ə açıqlama verən deputat  deyib ki, əsgərləri ilə bərabər ön cəbhədə savaşaraq bu millət, bu Vətən üçün şəhid olan general mayor Polad Həşimovun və digər şəhidlərimizin şəhadəti insanları üzməklə yanaşı qürurlandırdı. Və eyni zamanda vətəndaşlarımızın dövlətimizə və ordumuza möhtəşəm dəstəyi gücümüzə güc qatdı: 

"Yürüş günü şəhid generalımızla vidalaşa bilmək üçün hər kəs bir araya gəldi, polislərimizlə, dövlət və hökumət nümayəndələri ilə bərabər bu böyük qəhrəmanla son görüşə getdik. Tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq hər kəsin bir olması əslində dövlətlə millətin birliyinin bariz nümunəsi idi. Bütün dünyaya bir daha aydın oldu ki, bu birliyin gücü istənilən an işğal altındakı torpaqları azad etmək əzmindədir! Bu birlikdən qorxan bəzi qüvvələrin təxribatçı hərəkətləri isə heç bir nəticə verməyəcək.  Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək! 

Milli Məclis Azərbaycan Vətəndaşının azad iradəsi ilə seçilmiş vəkillərin təmsil olunduğu dövlət qurumudur. Bu binanın hər daşında tariximizin izləri vardır. Millətin təmsil olunduğu dövlət qurumuna, tarixinə uzadılan əl kəsilməli, təxribatçılar qanunvericiliyə uyğun şəkildə cəzalandırılmalıdır. Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və millət birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək".