Gözləntilər böyükdür ! - "Yeni XİN başçısı ümidləri doğruldacaq"

“Ceyhun Bayramov diplomatiya tariximizə yeni səhifələr yazacaq”


Artıq məlum olduğu kimi, xarici işlər naziri postunda dəyişiklik edilib. Keçmiş nazir Elmar Məmmədyarov xeyli müddət təhsil naziri vəzifəsində çalışmış Ceyhun Bayramovla əvəzlənib. Bu isə yeni persperktivlər vəd edir. 

Dəyişikliyi “Sherg.az”a şərh edən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov qeyd edib ki, bu, vaxtında verilmiş qərar idi:

“Prezidentin Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə bağlı verdiyi sərəncam respublikamızda, həqiqətən, böyük ruh yüksəkliyi ilə qarşılanıb. Kütləvi informasiya vasitələri və mütəxəssislər  bu təyinatı son illərin ən uğurlu seçimi  kimi qiymətləndirirlər. Bunun da bir çox səbəbi var. Birincisi, Ceyhun müəllim respublikamızda bacarıqlı təşkilatçı və rəhbər kimi özünü sübut etmiş gənc kadrdır. Təhsil Nazirliyi strukturunda və nazir vəzifəsində  çalışdığı müddətdə köklü dəyişikliyə nail ola bildi,  respublika rəhbərliyinin islahatçı kadrları siyahısına düşdü. İkincisi, beynəlxalq aləmdə və respublikamız ətrafında baş verən qızğın hadisələr fonunda da məhz Ceyhun müəllim kimi enerjili, savadlı, vətənpərvər kadr bu vəzifənin öhdəsindən gələ bilərdi. Üçüncüsü, Ceyhun müəllim cavan nəslin nümayəndəsi olmaqla yanaşı, yetərincə diplomatik təcrübəyə malik bir mütəxəssisdir”.


Professorun fikrincə, yeni XİN başçısı ümidləri doğruldacaq: 

“Onunla hələ  Təhsil Naziri olmazdan qabaq keçirilən tədbirlərin  birində tanış olmuşdum. Bu görüşdə Ceyhun müəllimin beynəlxalq münasibətlərdə baş verən hadisələri dəqiq qiymətləndirməsi məni valeh etmişdi. Uzun müddət beynəlxalq münasibətlərin tədrisi ilə məşğul olan bir mütəxəssis kimi qeyd edə bilərəm ki, Ceyhun Bayramov diplomatiya tariximizə yeni səhifələr yazacaq. Təbii ki, Ceyhun müəllimin təyinatını müsbət qarşılamayanlar ola bilər. Belələri  ya o vəzifədə gözü olanlardır, yaxud diplomatiya sahəsindən uzaq qalanlar. Bu şəxslərə  demək istəyirəm ki, Elmar Məmmədyarovu unutmasınlar və onun nazir kimi fəaliyyətinə nəzər salsınlar. Bu iki şəxsi müqayisə etməkdən çox-çox uzağam. Çünki onlar müqayisəedilməz dərəcədə fərqlidirlər.
Çox qısa zamanda biz diplomatiya sahəsində bu fərqi hiss edəcəyik- Azərbaycanın qazandığı diplomatik uğurlar fonunda. Gəlin, hamılıqla yeni, gənc xarici işlər nazirimizə uğurlar diləyək və respublika rəhbərliyinə bu uğurlu seçimə görə minnətdarlıq edək”.