“Xalqlar dostluğu"na Polad Həşimovun adı verilsin ! – Təklif dəstəkləndi 

“Generalımızın qanında fatehlərimizin qanı var” Biz belə adamları unutmamalıyıq

“Hər dəfə o stansiyaya daxil olanda, Polad bəyin adını eşidəndə şəhidimizi yada salacaq, onu müqəddəs duyğularla xatırlayacağıq”




Bakı metropoliteninin stansiyalarından birinin adının dəyişdirilməsi təklif edilib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli özünün “Facebook” hesabında yazıb: “ “Xalqlar dostluğu" stansiyasının adı dəyişdirilib, ora Tovuzda şəhid olan general-mayor Polad Həşimovun adı verilsin”. 



Ekspertin fikrincə, bir neçə gün əvvəl Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun adı əbədiləşdirilməlidir. Təklifi yüksək dəyərləndirən tarixçi-alim Dilavər Əzimli “Sherg.az”a açıqlamasında məlum təşəbbüsə dəstək ifadə edib: 

“Bizim Polad bəy kimi şəhidlərimiz, nümunəvi zabitlərimiz çoxdur. Azərbaycan ordusu türk qoşunları tək qüdrətli və güclüdür. Biz Aprel döyüşlərində olduğu qədər öz şücaətimizlə yenə də hər kəsi heyran qoyduq, mat etdik.  Polad Həşimov hərtərəfli qəhrəman idi. Generalımızın qanında fatehlərimizin qanı var. Onun əsgərləri ilə münasibəti, tabeliyində olanlara göstərdiyi diqqət və qayğı dillər əzbəridir. Biz belə adamları unutmamalıyıq. Düşünürəm ki, bu təklif çox məqsədəuyğundur. Hər dəfə o stansiyaya daxil olanda, Polad bəyin adını eşidəndə şəhidimizi yada salacaq, onu ən əziz və müqəddəs duyğularla xatırlayacağıq. Həm də ki, nə “Xalqlar dostluğu”?!”. Hansı xalqların dostluğundan söhbət gedir?! Azərbaycanlılarla ermənilərin?”. 



 D.Əzimlinin sözlərinə görə, digər stansiyalarda da belə yenilənmələr olmalıdır:

“Elə stansiyalarımız var ki, onların adı, həqiqətən, dəyişilməlidir. Bunun əvəzinə, Mübariz İbrahimov, Raquf Orucov kimi şəhidlərimizin adı yaşadılmalıdır. Metronun ictimai yer olduğunu nəzərə almalıyıq. Hər gün yüzlərlə insan bu nəqliyyat vasitəsindən istifadə edir. Onların şəhidlərimizi tanımasının, yad etməsinin nəyi pisdir ki?”. 

 Tarixçi şəhidlərimizin xatirəsi barədə təklif də verdi:

“Paytaxtdan müxtəlif istiqamətlərə gedən yollarda şəhidlərimizin, Milli qəhrəmanlarımızın portretlərinin vurulması yaxşı olar. Hər istiqamətdə o bölgənin qəhrəmanlarının portretləri görünən yerlərə vurulsun.

Belə olan halda tarixi köklərimizə bağlılıq itməz. Vətənin həmin igidlərdən ibarət olduğunu anlamalı və onların ruhlarını daim əziz tutmalıyıq”.