Psixoloji vəziyyət ağırdır ! - "İnsanlar stressli vəziyyətdə...” – Karantinin cəfası !

“Son 15-20 gündə insanlar ciddi bir şəkildə aqressiyasını bir-birinin üstünə tökməyə başlayıblar”

“Qarşıdakı həftələrdə karantinin davam etməsi fonunda olacaqları təsəvvür belə etmək çətindir”

“Müəyyən qədər yumşalmalara getmək lazımdır”



Aylardır davam edən karantin rejimi insanların səbr kasasını doldurub.  İlin əvvəlindən tüğyan edən pandemiyanın yaratdığı  panika, karantin səbəbindən bir çox iş yerlərinin bağlanması, havaların isti keçməsi azmış kimi ard- arda sərt karantin rejiminin tətbiqi barədə  verilən qərarlar cəmiyyətdə ciddi narazılıq doğurur.
 
Artıq psixoloqlar da həyəcan siqnalı verib. Mütəxəssislərin fikrincə, karantin rejiminin yenidən iki həftə  uzadılması psixi pozuntuların artmasını daha da sürətləndirəcək. 

Son günlər Tovuz istiqamətində gedən döyüşlər fonunda cəmiyyətin yeni bir karantin müddətinə dözümü  qalmadığını bəyan edən psixoloq Könül Telmanqızının "Sherg.az"a açıqlamasına görə, karantinin yumşaltmaq lazımdır: 

"Karantinin bir neçə gündən sonra bitəcəyinə də bir inam var idi. İnsanlar ümid edirdilər ki, yenidən normal həyatlarına dönəcəklər. Lakin karantinin yenidən uzadılması ilə bağlı yayılan məlumat insanlarda ruh düşkünlüyü yaratdı. Bir psixoloq olaraq bu qərarın təsdiqlənməsini doğru hesab etmirəm. Ən azından müəyyən qədər yumşalmalara getmək lazımdır.

Karantindən sonra bizə müraciət edən pasiyentlərin sayı artıb. Həmçinin hər gün işə gedəndə yolboyu insanların necə stressli və  gərgin vəziyyətdə olduqlarını müşahidə edirəm.

Xüsusən də son 15-20 gündə insanlar çox gərginləşib və bir- biriləri ilə çox kobud rəftar edirlər.

Düşünürəm ki, Operativ Qərargah karantin qaydaları ilə bağlı qərar verərkən empati qurmalı və vətəndaşların ruh halını nəzərə almalıdır. Mart ayından bu yana  insanlar özlərini qəfəsdəki quş kimi hiss edirlər. Əgər müvafiq qurum bu məsələ ilə bağlı ölçü götürməsə, ard-arda sərt karantin tətbiq etməklə ölkədə psixoloj vəziyyət nəzarətdən çıxacaq.

 Hazırkı gedişat bizi məhz buna aparır. Təbii ki, bir vətəndaş olaraq mən də yoluxma sayının azalmasının, koronavirus təhlükəsinin yox olmasının tərəfdarıyam. Amma bunun yolu sərt karantin rejimini uzatmaqdan keçmir. Ona görə, təklif edirəm ki, Operativ Qərargahın üzvləri arasında sosioloqlar, psixoloqlar olmalı, onlar da öz tövsiyyələrini verməlidirlər.

Onlar  öz qərarlarını ancaq pandemiya üzərindən verir, yoluxma sayını nəzərə alılar. Əhalinin psixoloji vəziyyətindən xəbərləri olmur. İndiki halda insanlarımız boğulma həddindədir. Ruhən o qədər yorulublar ki, qaçıb "kosmos"a getmək istədiklərini  deyirlər". 

Psixoloqun sözlərinə görə, karantin rejiminin ən böyük fəsadlarından biri panik atakların artması ilə bağlıdır. Depressiv vəziyyətdə psixoloqa  müraciət edənlərin əksəriyyəti isə  gənclərdir: 

 "Fobiya, yuxu problemləri, qidalanma problemləri və obsesif düşüncələr, stress kimi artan narahatlığı görmək olur. Bu tip insanlar təşvişə düşməyə başlayır.

Qlobal miqyasda üzə çıxan bu vəziyyətin psixoloji təsirləri təbii ki, mənfi ola bilər.İnsan panika yaşadıqca qorxu,stress halı daha da artacaq. Bu da sizin psixoloji problemlərinizin artmasına səbəb olacaqdır.

Çətinlik sindromu burada çox işləyir, stress çox olduqda və insanın fasilə vermək imkanı olmadıqda, nəticədə bədən çox tükənmiş olur".

Stress və psixoloji gərginliyin immuniteti aşağı saldığını və insanların xəstəliyə qarşı müdafiəsiz vəziyyətdə qaldığını vurğulayan K.Telmanqızı deyib ki, onsuz da bütün gün  evdə oturmaq, günəş şüasından məhrum qalmaq uşaqların immunitetini yetəri qədər zəiflədib. Payız aylarında pandemiyanın ikinci dalğasının yaşanacağı ilə bağlı proqnozlar verilir. Bu ehtimalının başlıca səbəbi insanların immun sisteminin zəifləməsinə bağlıdır.