Partiya sədrləri də döyüşə hazırdırlar ! - “Əmr gözləyirik!” – SORĞU 

Tovuzda baş verən erməni təxribatı və günlərdir davam edən döyüşlərin fonunda ictimai-siyasi şəxslər də fəallaşıblar. Onlar məsələyə müxtəlif səviyyələrdə reaksiya göstərirlər. “Ümid” partiyasının sədri İqbal Ağazadə isə səfərbərlik idarəsinə gedərək könüllü qeydiyyata alınıb. O, bu barədə özünün “Facebook” hesabında məlumat yayıb. 

“Sherg.az” saytı olaraq digər partiya sədrləri arasında sorğu keçirib, hərbi əməliyyatların miqyasının genişlənəcəyi təqdirdə kimin hansı təşəbbüs göstərəcəyini, vətənə necə dəstək olacaqlarını öyrəndik:


“Əsgərlərimizi ruhlandırar, təbliğat, təşviqat işlərini həyata keçirərik”


 Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, o, orduda ixtisası üzrə fəaliyyət göstərə bilər: 

“Mən həkiməm. Hərbi xidmətdə olmasam da, tibbi zabitəm. Yaşıma görə məni xidmətə çağırmazlar. Amma orduda həkim kimi fəaliyyət göstərməklə yanaşı, həm də əsgərlərimizi ruhlandırar, təbliğat, təşviqat işlərini həyata keçirər, onlarla profilaktik söhbətlər edərəm. Buna həm imkanım, həm də bacarığım var”.



“İyirmi dörd saat əmr gözləyirəm”

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu isə qeydiyata alınmağın mənasız olduğunu düşünür: 

“Mən ehtiyatda olan zabitəm. Faktiki olaraq hərbi biletim var və hərbi mükəlləfiyyətçi sayılıram. Haqqımda olan bütün məlumatlar səfərbərlik idarəsində var. Yəni xüsusi qeydiyyat lazımsız olmaqla yanaşı, həm də bilgisizlikdir. Əsas odur ki, hər an hərbi paltarımı geyinib orduya yollanmağa hazıram. İyirmi dörd saat əmr gözləyirəm”. 



“Xüsusi təkliflər paketi hazırlamışam”

Azad Demokratlar Partiyasının rəhbəri Sülhəddin Əkbər artıq işə başladığını deyib: 

“Mən xüsusi təkliflər paketi hazırlamışam. Həmin paketlərdəki bəndlər mövcud vəziyyətdən uğurla çıxmaqdan ötrü xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, ordumuza necə lazımamsa, elə də kömək etməyə hazıram”.



"Müharibəyə hər an hazıram"

 “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa döyüşmək istəyənlərə indidən hazırlaşmağı tövsiyə etdi: “

Ehtiyatda olan zabitəm. Tağım komandiri olmuşam, ermənilərlə atışmalarda dəfələrlə iştirak etmişəm. Yaşım orduya çağırılmağa imkan verir. Və  müharibəyə hər an hazıram. Bunun üçün qeydiyyata alınmağa ehtiyac yoxdur. Sözügedən təşəbbüs sadəcə siyasi aksiyadır. Sağlam olmayan insan necə orduda xidmət edə bilər? Ona görə də idmanla məşğul olmaq, siqareti və içkini tərgitmək lazımdır. Səfərbərlik idarəsində hər kəsin dosyesi var. Kimi nə vaxt lazım bilsələr, onda da çağıracaqlar. Bir daha təkrar edirəm ki, sadəcə hazır olmaq lazımdır”.