“Ermənistanda bir ildə 12 min fərarilik qeydə alınıb” 

“12 min gənc ordudan yayınırsa, deməli, ölkədə vəziyyət yaxşı deyil”

"Belə olan halda Ermənistan rəhbərliyi ağlını başına toplamalı və bir an öncə işğal iddalarından əl çəkməlidir"



İyulun 12-dən etibarən ölkəmizin Tovuz istiqamətində olan dövlət sərhəddi separatçı Ermənistanın hücumlara məruz qalır. Ordumuzun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir. Hər an əməliyyat şəraitinə tam nəzarət edilir. Xalqımız baş verənləri həssaslıqla izləyir. Hər bir vətəndaş Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayır.

Ordumuzun uğurlu cavab əməliyyatları, düşmənin dayaq nöqtələrinə vurulan sarsıdıcı zərbələr bütün vətəndaşların sevincinə səbəb olur. Bunların təzahürü idi ki, 14 iyul tarixində xalqımız meydanlara yürüş edərək dövlətimizə, hərbçilərimizə dəstək şüarları səsləndirib, milli birlik nümayiş etdirdilər. 

Xalqımızın bütün dövrlərdə Ali Baş Komandanın yanında olduğunu deyən siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, gənclərimiz hər zaman həvəslə ordu sıralarında xidmət ediblər. Ekspert bildirib ki, işğalçı Ermənistandan fərqli olaraq Azərbaycanda ordudan yayınma halları demək olar ki, yoxdur: 

“Yaxın zamanlara qədər erməni gəncləri öz ordularında xidmət etməkdən yayınırdılar. Bir il ərzində Ermənistanda 12 min fəralilik baş vermişdi. 12 min gənc ordudan yayınırsa, deməli, ölkədə vəziyyət yaxşı deyil.

Ordumuzda isə kiminsə fəralilik etməsi ilə bağlı məlumat yoxdur. Son günlər baş verən hadisələr göstərdi ki, gənclərimiz nəinki fəralilik etmir, əksinə yüz minlərlə gəncimiz bir anın içində səfərbər olunmağa hazırdır. 14 iyulda keçirilən aksiya bunu bir daha göstərdi.

On minlərlə insan şəhərin mərkəzinə doğru axın etdi. Prezident İlham Əliyevə müraciət edərək səfərbərlik istədilər. Açıq şəkildə bəyan etdilər ki, ordumuzun sıralarında düşmənə qarşı vuruşmağa hazırdırlar”. 

A.Həsrət vurğulayıb ki, xalqımızın Prezident İlham Əliyevə etimadı çox yüksəkdir: 

“Xüsusilə döyüşə bilən vətəndaşlar hesab edir ki, işğala son vermək üçün məhz İlham Əliyevin komandanlığı altında hərəkət etmək lazımdır. Ortalığı qarışdırıb təxribat törətmək istəyənlər oldu. Amma cənab Prezidentə etimad göstərənlər təxribatçıların cavabını verdilər. Təbii ki, belə şəraitdə ordumuz məğlub ola bilməz.

Ona görə də döyüş gedən bölgədəki dinc sakinlərimizin heç biri evlərini tərk etmir. Belə olan halda Ermənistan rəhbərliyi ağlını başına toplamalı və bir an öncə işğal iddalarından əl çəkməlidir”.